Prezidentə ünvanlanan qlobal gündəm sualları — Beynəlxalq nüfuzun və siyasi etimadın göstəricisi
Şuşada keçirilən IV Qlobal Media Forumu beynəlxalq media ictimaiyyətini bir araya gətirən, qlobal informasiya gündəliyinin aktual məsələlərinin müzakirə olunduğu mühüm dialoq və əməkdaşlıq platformasıdır. İllər ərzində formalaşan institusional davamlılıq Forumu beynəlxalq media ictimaiyyətinin təqvimində gözlənilən nüfuzlu tədbirlərdən birinə çevirib. İştirakçı coğrafiyasının genişlənməsi, müzakirə olunan mövzuların aktuallığı, irəli sürülən ideya və təşəbbüslərin praktik əhəmiyyəti tədbirin qlobal informasiya məkanında artan rolunu təsdiqləyir. Bu dinamika göstərir ki, Şuşa forumu artıq epizodik beynəlxalq tədbir olmaqdan çıxaraq müxtəlif ölkələrin media institutları arasında əməkdaşlığın dərinləşdirilməsinə, peşəkar təcrübə mübadiləsinə və qlobal informasiya mühitində etimadın möhkəmləndirilməsinə xidmət edən dayanıqlı beynəlxalq platforma kimi möhkəmlənib. Forumun beynəlxalq nüfuzunu şərtləndirən əsas amillərdən biri müzakirə mövzularının qlobal informasiya gündəliyi ilə həmahəngliyidir. Bu il “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan Forum informasiya müharibələrinin intensivləşdiyi, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi və rəqəmsal kommunikasiya mühitində dezinformasiyanın geniş yayıldığı bir dövrdə xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, Forum təkcə regional deyil, həm də qlobal media ekosisteminin gələcəyinə dair strateji yanaşmaların və fikir mübadiləsinin formalaşdığı mühüm beynəlxalq platforma kimi çıxış edir. Qlobal tədbirin açılışında Prezident İlham Əliyevin müxtəlif ölkələrdən olan media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirdiyi fikirlər Azərbaycanın dəyişən beynəlxalq sistemdə geosiyasi mövqeyinə, regional inteqrasiya strategiyasına və çoxtərəfli diplomatiya modelinə dair konseptual yanaşmasını əks etdirir. Prezidentin verdiyi mühüm mesajlar Azərbaycanın xarici siyasət prioritetləri ilə yanaşı, regionda formalaşan yeni geosiyasi reallıqlara münasibətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur. Azərbaycan liderinə ünvanlanan suallar sübut edir ki, ölkəmizin xarici siyasət prioritetləri artıq yalnız regional təhlükəsizlik məsələləri ilə məhdudlaşmır, həmçinin qlobal iqtisadi transformasiyalar, nəqliyyat-kommunikasiya şəbəkələrinin yenidən formalaşması, enerji təhlükəsizliyi və beynəlxalq institutlarla münasibətlərin yeni reallıqları fonunda qiymətləndirilir. Prezident tədbirin əsas məqsədinin müxtəlif ölkələrdən gəlmiş media nümayəndələri ilə qarşılıqlı maraq doğuran məsələlər ətrafında açıq müzakirələr aparmaq, onları Qarabağ və Şuşada aparılan bərpa, yenidənqurma işləri ilə yaxından tanış etmək olduğunu vurğuladı. Bu yanaşma Forumun informasiya mübadiləsi platforması ilə bərabər, Azərbaycanın postmünaqişə reallıqlarını beynəlxalq auditoriyaya birbaşa nümayiş etdirən ictimai diplomatiya aləti kimi çıxış etdiyini göstərir. Xarici jurnalistlərin işğal dövründə törədilmiş dağıntıları və eyni zamanda bərpa prosesini öz gözləri ilə müşahidə etmələri beynəlxalq informasiya məkanında obyektiv təsəvvürün formalaşdırılmasına xidmət edir. Şuşanın Forumun keçirildiyi məkan kimi seçilməsi tədbirin konseptual məzmununu daha da gücləndirir, çünki tarixi və mədəni irsi ilə seçilən, postmünaqişə dövründə yenidənqurma və inkişaf prosesinin simvollarından birinə çevrilən bu şəhər sülh, dialoq və qarşılıqlı etimad ideyalarının təşviqi baxımından mühüm siyasi və mənəvi əhəmiyyət daşıyır. Müasir beynəlxalq münasibətlər nəzəriyyəsində geoiqtisadiyyat və geosiyasətin qarşılıqlı təsirinin güclənməsi aydın müşahidə olunur. Qlobal təchizat zəncirlərinin yenidən formalaşması Avrasiya məkanında alternativ nəqliyyat marşrutlarının strateji əhəmiyyətini xeyli artırıb. Bu istiqamətdə ünvanlanan sullara cavabında Prezident İlham Əliyevin Azərbaycanın coğrafi mövqeyinin son illərdə gözləniləndən daha sürətlə strateji əhəmiyyət qazandığına dair fikirləri də məhz bu geosiyasi transformasiyanın nəticəsi kimi qiymətləndirilə bilər. Mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan klassik tranzit dövlətdən regional logistika və bağlantı mərkəzinə çevrilmək potensialını daha da gücləndirir. Bu kontekstdə Prezidentin nəqliyyat infrastrukturunun genişləndirilməsi ilə bağlı dedikləri geosiyasi adaptasiya siyasətinin tərkib hissəsi kimi çıxış edir. İnfrastruktur layihələri dövlətlərin beynəlxalq təsir imkanlarını artıran mühüm geoiqtisadi alətlər hesab olunur. Azərbaycanın müxtəlif kommunikasiya layihələrinə yönəltdiyi investisiyalar ölkənin beynəlxalq ticarət marşrutlarındakı rolunu gücləndirməklə yanaşı, regional qarşılıqlı asılılığın dərinləşməsinə də xidmət göstərir. Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bəyanatı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı vurğuladı ki, bu layihə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək strateji nəqliyyat xəttidir və onun reallaşdırılmasının vacibliyi beynəlxalq tərəfdaşlar tərəfindən də qəbul olunur. Zəngəzur dəhlizi yalnız ölkədaxili nəqliyyat əlaqələrini gücləndirmir, eyni zamanda Orta Dəhlizin səmərəliliyini artıraraq Avrasiya məkanında yükdaşımaların diversifikasiyasına töhfə verir. Geoiqtisadi baxımdan belə layihələr regional qarşılıqlı asılılığı artırmaqla uzunmüddətli sabitliyə xidmət edən mühüm mexanizmlərdir. Dövlət başçısının qeyd etdiyi kimi, Çin-Azərbaycan marşrutu üzrə yükdaşımaların həcmi davamlı artır. Mərkəzi Asiya dövlətlərinin bu prosesə fəal qoşulması Orta Dəhlizin artıq yalnız ikitərəfli deyil, çoxtərəfli regional əməkdaşlıq platformasına çevrildiyini göstərir. Bu tendensiya qlobal təchizat zəncirlərinin şaxələndirilməsini, tranzit marşrutlarının təhlükəsizliyinin artırılmasını və Avrasiya məkanında yeni iqtisadi inteqrasiya modelinin formalaşmasını əks etdirir. Prezident İlham Əliyevin ABŞ administrasiyasının vasitəçilik roluna dair fikirləri də diqqət çəkir. Dövlət başçısı Prezident Donald Tramp administrasiyasının Azərbaycan-Ermənistan münasibətlərinin yekun mərhələsində konstruktiv siyasi mühitin formalaşmasına mühüm töhfə verdiyini, bunun nəticəsində üçtərəfli bəyanatın imzalandığını və sülh sazişinin paraflandığını qeyd etdi. Prezidentin Avropa Komissiyası, Avropa Şurası Parlament Assambleyası və Avropa Şurası ilə münasibətlərə dair fikirləri beynəlxalq institutlarla milli maraqlar arasındakı qarşılıqlı əlaqələrin realist yanaşma prizmasından qiymətləndirilməsinə imkan verir. Dövlət başçısı Avropa Komissiyası ilə praqmatik dialoqun bərpasını müsbət qiymətləndirsə də, bəzi Avropa institutlarının selektiv yanaşmasının qarşılıqlı etimadın möhkəmlənməsinə mane olduğunu bildirdi. Prezident çıxışında Azərbaycanın əsas prioritetləri kimi dayanıqlı inkişafı, Qarabağın bərpasını, yeni nəqliyyat marşrutlarının formalaşdırılmasını, rəqəmsal transformasiyanı və süni intellekt sahəsində inkişafı qeyd etdi. Bu, müasir beynəlxalq münasibətlərdə dövlətlərin rəqabətqabiliyyətinin yalnız hərbi və iqtisadi potensialla deyil, habelə texnoloji innovasiya və rəqəmsal inkişafla müəyyənləşdiyini göstərir. Prezident İlham Əliyevə İran-ABŞ qarşıdurması, BMT-də islahatlar, mövcud digər münaqişələr, təhlükəsizlik, bütövlükdə dünyanın gündəmində olan ən aktual məsələlərə dair sualların ünvanlanması onun beynəlxalq siyasi nüfuzunun yüksək olduğunu, rəhbərlik etdiyi dövlətin qlobal proseslərdə mühüm aktor kimi qəbul edildiyini və dövlət başçısının mövqeyinin beynəlxalq ictimaiyyət və media tərəfindən əhəmiyyətli informasiya mənbəyi kimi dəyərləndirildiyini göstərir. Prezidentin verdiyi bəyanatların ümumi məzmunu isə Azərbaycanın çoxtərəfli və çoxvektorlu xarici siyasət kursunun davam etdirildiyinin təzahürüdür. Müasir qlobal sistemdə rəqabət aparan güc mərkəzləri arasında balansın qorunması, regional inteqrasiya layihələrində fəal iştirak, tranzit potensialının geosiyasi üstünlüyə çevrilməsi və beynəlxalq dialoq platformalarının təşviqi Azərbaycanın strateji davranış modelinin əsas komponentləri kimi çıxış edir. Nəticə etibarilə, Forumda Prezident İlham Əliyevin səsləndirdiyi mesajlar təkcə cari siyasi proseslərə münasibət deyil, həm də Azərbaycanın beynəlxalq sistemdə artan geosiyasi çəkisinin konseptual əsaslandırılması kimi qiymətləndirilməlidir. Diqqətçəkən məqamlardan biri Prezidentin forum çərçivəsində təxminən dörd saata yaxın müddət ərzində müxtəlif ölkələri təmsil edən media nümayəndələrinin çoxşaxəli suallarını ardıcıl, faktoloji əsaslara söykənən və analitik məzmunlu cavablarla cavablandırması idi. Sual-cavab formatının uzunmüddətli və interaktiv xarakter daşıması forumu ənənəvi siyasi çıxış çərçivəsindən çıxararaq beynəlxalq siyasi kommunikasiya və ictimai diplomatiya platformasına çevirdi. Prezidentin müxtəlif mövzular - beynəlxalq təhlükəsizlik, Cənubi Qafqazın geosiyasi dinamikası, nəqliyyat və enerji marşrutları, Türk dünyasında inteqrasiya, Azərbaycan- Ermənistan normallaşma prosesi, habelə qlobal güc mərkəzləri arasında formalaşan yeni münasibətlər sistemi ilə bağlı təqdim etdiyi təhlillər ölkənin xarici siyasət prioritetlərinin məntiqi ardıcıllığını və strateji əsaslandırılmasını sərgilədi. Beynəlxalq media nümayəndələri ilə açıq dialoq formatında keçirilən bu müzakirələr Azərbaycanın kommunikasiya strategiyasının mühüm elementlərindən biri kimi nəzərdən keçirilməlidir. Belə önəmli platformalar dövlətin beynəlxalq informasiya məkanında öz mövqeyini vasitəçilərsiz təqdim etməsinə, milli maraqlarını birbaşa beynəlxalq auditoriyaya çatdırmasına və qlobal ictimai rəydə etibarlı tərəfdaş imicinin möhkəmləndirilməsinə xidmət edir. Bu baxımdan Şuşa forumu, eyni zamanda Azərbaycanın geosiyasi baxışlarının, diplomatik prioritetlərinin və strateji kommunikasiya modelinin beynəlxalq müstəvidə təqdim olunduğu mühüm siyasi-intellektual platformadır. Elman Babayev

Şərh verin