11 yaşlı azərbaycanlı məktəblinin böyük uğuru
Son illər Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlar, eləcə də vətəndaşlarımızın istər idman, istərsə də digər sahələrdə əldə etdikləri nailiyyətlər milli maraqlarımızın möhkəmlənməsinə və ölkəmizin nüfuzunun artmasına böyük töhfə verir. Belə istedadlı insanlarımızdan biri də “Dünya Məktəbi”nin 5-ci sinif şagirdi Ali Aslanovdur. Cəmi 11 yaşı olmasına baxmayaraq, Ali Aslanov beynəlxalq yarışlarda uğurla çıxış edir və qazandığı nailiyyətlərlə diqqət çəkir. Onun beynəlxalq arenadakı uğurları davam edir. Alinin qazandığı uğurlara nəzər saldıqda görürük ki, cəmi 11 yaşlı şagird artıq kifayət qədər parlaq və uğurlu inkişaf yolu keçib. Ali Aslanov qısa müddət ərzində robototexnika və proqramlaşdırma sahəsində əldə etdiyi beynəlxalq uğurlarla ölkəmizi nüfuzlu yarışlarda uğurla təmsil edərək yeni nailiyyətlərə imza atmaqda davam edir. 20 noyabr 2014-cü il təvəllüdlü Ali Aslanov robototexnika və kodlaşdırma sahəsində ilk böyük beynəlxalq təcrübəsini 2023-cü ildə Rumıniyada keçirilən “RoboChallenge” olimpiadasında qazanıb. O, “Mini Sumo Kids” kateqoriyasında dünyanın müxtəlif ölkələrindən qatılan 200-dən çox komandanın mübarizə apardığı yarışda uğurla çıxış edərək 1/8 final mərhələsinə qədər yüksəlib. 2024-cü il Ali Aslanov üçün daha uğurlu olub. O, Bakıda keçirilən “Robotex Azərbaycan” yarışında “Mini Sumo” kateqoriyası üzrə I yerə layiq görülərək beynəlxalq final mərhələsinə vəsiqə qazanıb. Daha sonra Türkiyənin Antalya şəhərində təşkil olunan “Robotex International” yarışında da Mini Sumo kateqoriyasında bütün rəqiblərini geridə qoyaraq I yeri qazanıb və Azərbaycanı beynəlxalq arenada ən yüksək pillədə təmsil edib. Həmin il Ali Aslanov “STEM Olimpiadasının” kodlaşdırma istiqaməti üzrə onlayn seçim mərhələsini uğurla keçərək final mərhələsinə vəsiqə qazanıb. 2024-cü ilin iyul ayında Niderlandda keçirilən final mərhələsində iştirak edərək Azərbaycan komandasının müxtəlif istiqamətlər üzrə medal qazanmasına öz töhfəsini verib. 2025-ci ildə isə Ali Aslanov daha bir mötəbər beynəlxalq uğura imza atıb. O, “NEO Science Olympiad” beynəlxalq olimpiadasının final mərhələsində iştirak edərək Amerika Birləşmiş Ştatlarında ölkəmizi təmsil edib və kodlaşdırma istiqaməti üzrə bürünc medal qazanıb. Ali Aslanovun ən böyük uğuru isə 2026-cı ilin iyul ayında İtaliyanın Roma şəhərində keçirilən “STEM Olympiad Grand Final” yarışında qeydə alınıb. O, kodlaşdırma istiqaməti üzrə bütün iştirakçıları geridə qoyaraq Dünya Çempionu adına layiq görülüb və I yeri qazanaraq Azərbaycan bayrağını beynəlxalq arenada zirvəyə yüksəldib. Ali Aslanov robototexnika və proqramlaşdırma bacarıqlarını “Maestro School” tədris mərkəzində əldə edib. O, bütün qeyd olunan beynəlxalq yarışlarda məhz Maestro School komandasının tərkibində iştirak edərək qazandığı uğurlarla həm təhsil müəssisəsinin, həm də Azərbaycanın adını beynəlxalq səviyyədə layiqincə təmsil edib. Ali Aslanovun qazandığı nailiyyətlər ölkəmizdə robototexnika və proqramlaşdırma sahəsində yetişən gənc nəslin potensialını nümayiş etdirir və Azərbaycan məktəblilərinin beynəlxalq STEM yarışlarında yüksək nəticələr əldə edə biləcəyinin bariz nümunəsidir. Qeyd edək ki, Ali Aslanov beynəlxalq yarışlara müəllimi Murad Əliyevin rəhbərliyi ilə hazırlanaraq uğurlu nəticələr əldə edib.

Şərh verin