“Qış olsa, qar əridib içərik, belə olmaz axı...” — Video

Binəqədi rayonu Şahsevənlər küçəsi, üçüncü mədən 125-ci korpus ərazisində yaşayan sakinlər gün ərzində 15 saat suyun olmadığını iddia edirlər. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Xəzər TV”yə danışan sakinlər bildirib ki, vəziyyət aylardır davam edir: “Səhər saat 08:00, 08:30-da su verilir, ondan sonra dayanır, gecə 00:00-dən sonra yenə gəlir. Yəni 15-16 saat sakinlər susuz qalır”. Şikayətçilər, həmçinin qeyd edib ki, yay fəsli olduğuna görə, bu hal onları dözülməz həddə çatdırıb: “Qış olsa, bu qədər danışmarıq, lap qar əridib içərik, belə olmaz axı... Deyirlər hələ pul köçürülməyib, təmir gedir. Təmir nə qədər olar? İlin 12 ayı belədir”. Dövlət Su Ehtiyatları Agentliyindən isə bildirib ki, sözügedən ünvanda abonentlərin su təchizatı qrafik rejimi ilə tənzimlənir: “Həmin saatlar ərzində abonentlər su ilə təmin olunurlar. Ərazidə həmişə qrafikli rejim tətbiq olunub, hazırda da eyni qaydadadır”. Daha ətraflı videomaterialda: