Mənzil qalmaqalına görə istefa veribmiş
Olqa Stefanişina nın Ukraynanın ABŞ-dəki səfiri vəzifəsindən istefa verməsi ailəsinin Kiyevdə bazar qiymətindən xeyli aşağı qiymətə daşınmaz əmlak əldə etməsinə dair aparılan araşdırma ilə bağlıdır. “Qafqazinfo” xəbər verir ki, bu iddia ilə “Financial Times” nəşri çıxış edib. Bildirilir ki, qalmaqala “Hromadske” telekanalının 2025-ci ilin iyununda yayımlanan materialı səbəb olub. Jurnalistlər müəyyən ediblər ki, 2022-ci ilin payızında məmurun anası Nadejda Kravets Kiyevdəki “Lvov meydanı” yaşayış kompleksində sahəsi təxminən 100 kvadratmetr təşkil edən üçotaqlı mənzil alıb. Sənədlərə görə, sövdələşmənin dəyəri 3,04 milyon qrivna (təxminən 116 min AZN) olaraq qeydə alınıb. Həmin dövrün məzənnəsinə görə bu, təxminən 83,2 min dollara bərabər olub. Lakin araşdırma müəlliflərinin qeyd etdiyi kimi, 2022-ci ilin oktyabrında analoji lotların minimum qiyməti 12 milyon qrivnadan (təxminən 458 min AZN), yəni 300 min dollardan başlayırdı. Rieltorlar sənədlərdə göstərilən məbləği “qeyri-real” adlandırıb, həmin rayonda bir kvadratmetrin ən azı 2 min dollara (təxminən 3400 AZN) başa gəldiyini açıqlayıblar. Maraqlısı budur ki, Stefanişinanın bəyannaməsində bu mənzil qeyd olunmayıb. Onun əvəzinə məmur anasının Kiyevdə yerləşən, sahəsi 74 kvadratmetr olan başqa bir mənzilini göstərib. Həmin mənzil isə 2008-ci ildə alınıb. Diplomat özü isə ona qarşı irəli sürülən ittihamları rədd edir. Xatırladaq ki, Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina iyulun 14-də istefa ərizəsini təqdim edib. O bunu şəxsi səbəblərə görə etdiyini bildirib. Onun yerinə Ukraynanın sabiq Baş naziri Yuliya Sviridenkonun təyin oluna biləcəyi ehtimal edilir.

Şərh verin