Bilgəh Modul Tipli Xəstəxanasından şikayət var: "Növbə sistemi yoxdur..." - (Video)
Bilgəh Modul Tipli Xəstəxanasında uzun növbələr vətəndaşların narazılığına səbəb olub. Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, həkim müayinəsinə düşmək üçün bəzən 5 saata qədər gözləməli olurlar. Xəstəxanaya səhər saatlarından müraciət edən vətəndaşlar günün böyük hissəsini növbədə keçirdiklərini bildirirlər. Şikayət edənlər qeyd edirlər ki, xüsusilə yaşlı və səhhətində problemlər olan şəxslər uzun müddət ayaqüstə qalmaq məcburiyyətində qalırlar. Onların sözlərinə görə, müraciət edənlərin sayının çoxluğu və həkim çatışmazlığı gözləmə müddətinin uzanmasına səbəb olur. Vətəndaşların sözlərinə görə, müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslər saatlarla ayaqüstə qalırlar: "Növbə sistemi yoxdur, həkimlərin sayı azdır, saat 9-dan gəlmişik və 2-in yarısıdır, hələ də növbə gözləyirik. Soruşanda da təkcə bu sözü eşidirik: Növbənizi gözləyin". Vətəndaşlar yaranmış sıxlığın Respublika Klinik Xəstəxanasında aparılan təmir işləri ilə əlaqədar bəzi şöbələrin müvəqqəti olaraq Bilgəh Modul Tipli Xəstəxanaya köçürülməsindən sonra daha da artdığını bildirirlər. Həmçinin müxtəlif bölgələrdən gələn pasiyentlərin də müraciət etməsi xəstəxanadakı yükü artırıb. Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Respublika Klinik Xəstəxanasının bir neçə terapevtik şöbəsi təmir səbəbindən müvəqqəti olaraq Bilgəh korpusunda fəaliyyət göstərir. Qeyd olunub ki, müraciət edənlərin əhəmiyyətli hissəsini əlilliklə bağlı ilkin və təkrar müayinəyə gələn nevroloji xəstələr təşkil edir. Qurumun açıqlamasına görə, qəbul prosesi növbə ardıcıllığı əsasında həyata keçirilir və yalnız qanunvericilikdə nəzərdə tutulan imtiyazlı şəxslər növbədənkənar qəbul olunur. TƏBİB bəzi günlərdə müraciət sayının artmasının gözləmə müddətinə təsir göstərə biləcəyini, lakin vəziyyətin tənzimlənməsi üçün müvafiq tədbirlərin görüldüyünü vurğulayıb. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin