59 yaşında oğlunun müəllim işlədiyi mərkəzin məzunu oldu — Foto

“Peşə təhsili almaq istəyimi ailəm müsbət qarşıladı, xüsusilə də oğlum. Çünki o, təhsil aldığım Peşə Təhsili Mərkəzində müəllim kimi fəaliyyət göstərir. Söhbətlərindən yönləndirməsindən, eləcə də ailəmin dəstəyi və “oxumaq heç vaxt gec deyil” şüarı ilə tələbəliyə addım atdım”. “Qafqazinfo” xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Bərdə Dövlət Peşə Təhsil Mərkəzindən məzun olan 59 yaşlı Elşad Əhmədov bildirib. Elə özünün də dediyi kimi, əlindən tutub addımlamağı öyrətdiyi, sözügedən mərkəzdə müəllim işləyən oğlu ona təhsil yolunda dəstək göstərib. Mərkəzin məzunu Əhmədov Elşad Telman oğlu 1967-ci ildə Bərdədə doğulub. Bakı şəhərində 90 nömrəli peşə məktəbində “Radioteleviziya” ixtisası üzrə təhsil alıb. Növbəti peşə təhsilini isə illər sonra 1 illik “Elektrik qaz qaynağı” ixtisası üzrə doğulduğu Bərdədə davam etdirib. Motivasiya səbəbi isə övladıdır: “Oğlum tez-tez peşə təhsili, mərkəzdəki tədris prosesi, maddi-texniki bazası haqqında məlumatlar verirdi. Buna mənim ən böyük istiqamətlənmə səbəbim deyə bilərəm. Yaş məsələsinə gəldikdə, “oxumaq hər yaşda mümkündür” şüarı mənə bir az da təkan verdi. Oğlum Musa yüksək texniki peşə təhsil səviyyəsi üzrə dərs deyir, mən isə texniki peşə səviyyəsi üzrə təhsil alırdım. Təsəvvür edin ki, evdən ata-oğul olaraq çıxıb, mərkəzə müəllim-tələbə kimi daxil olurduq”. E.Əhmədov burada yaxşı yoldaşlar qazandığını, ona göstərilən etimadı doğrultmaq üçün bacardığı qədər çalışdığını dilə gətirir: “Fənn müəllimlərimin hər zaman  qayğısını hiss etmişəm. Mən də öz növbəmdə onların etimadını davamiyyətim, dərslərə hazır gəlməyimlə doğrultmağa çalışırdım. Təbii ki, bu yaşda təhsil almaq, tələbə olmaq fərqli hissdir. Düşünürəm ki, burada qazandığım təcrübələr bundan sonrakı fəaliyyətimdə böyük əhəmiyyət kəsb edəcək”. “Radioteleviziya” peşəsindən sonra “Elektrik qaz qaynağı”nda təhsil almasını isə belə əlaqələndirir: “Niyə məhz elektrik qazqaynağı peşəsi? Çünki bu sahədə müəyyən təcrübəm var idi. Nəzəri bilikləri praktikada birləşdirib, daha yüksək nəticə əldə edəcəyimə inandığım, həm də istədiyim peşənin incəliklərinə dərindən bələd olmaq üçün təhsilə yönəldim.” Atasına dərs deməsə də, onun davamiyyəti, dərslərə hazırlığı ilə maraqlandığını deyən oğlu Musa Əhmədov 5 ildir ki, bu mərkəzdə müəllim olaraq fəaliyyət göstərir: “Atam tədrisə başlamamışdan əvvəl mərkəzin daxili qayda-qanunlarından da bəhs etmişdim. Onun tədris zamanı həm davamiyyəti, həm də dərslərdə fəallığı yüksək olub. Bilirsiniz, mərkəzin qapısından içəri “qohumluq”, “şəxsi tanışlıqlar” keçməməlidir. Bunların hamısı artıq ikinci planda olmalıdır. Atamın tələbə, mənim isə müəllimlik fəaliyyəti göstərdiyim mərkəz istər ölkədaxili, istərsə də ölkəxarici yarışlar da iştirak edir, qalibiyyət qazanır. Bu da təhsilə, inkişafa meyilliliyin göstəricisidir deyə bilərəm”.