İranda əlillər üçün aylıq müavinətlərin ödənilməsi dayandırılıb

İranın Dövlət Sosial Təminat Sistemi büdcə vəsaitlərinin çatışmazlığı səbəbindən əlillər üçün aylıq müavinətlərin ödənişini tamamilə dayandırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Böyük Britaniyada fəaliyyət göstərən “Iran International” telekanalı əmək mövzusunda ixtisaslaşan ILNA agentliyinə istinadən məlumat yayıb. Bundan başqa, dayə xidmətləri və gigiyena vasitələri üçün subsidiyaların ödənilməsinin də gecikdirildiyi bildirilir. Qeyd olunur ki, ödənişlərin azaldılması İran hakimiyyətinin dərinləşən iqtisadi böhran fonunda sosial təminat sisteminin himayəsində olan vətəndaşlara, xüsusən əlilliyi olan şəxslərə dəstək göstərmək iqtidarında olmamasından xəbər verir. Vurğulanıb ki, tibbi və gigiyena məhsullarının qiymətlərinin artması onurğa beyni zədəsi olan təxminən 45 000 nəfərə təsir edib. Steril sarğıların, kateterlərin, sidik qablarının, şprislərin və yataq yaralarının müalicəsi üçün preparatların qiyməti iki-üç dəfə artıb. Nəşrin məlumatına görə, iqtisadi böhran, habelə tibbi yardım və dərman xərclərinin kəskin artması daimi müalicə, reabilitasiya və ixtisaslaşdırılmış avadanlıq tələb edən əlilliyi olan insanlara xüsusilə ağır təsir göstərir.