“Amerika arzusu” bahalaşır — “Green card” üçün 100 min dollarlıq şərt

ABŞ Prezidenti Donald Tramp administrasiyası ölkəyə immiqrasiyanı məhdudlaşdırmaq məqsədilə “green card”a müraciət edənlər üçün 100 min dollaradək ilkin ödəniş tələb etməyi nəzərdən keçirir. “Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Bildirilib ki, ABŞ Dövlət Departamenti daimi yaşayış vizaları üçün yüksək məbləğli girov sisteminin tətbiqini müzakirə edir. Təklifə əsasən, bəzi müraciətçilər “green card” almadan əvvəl müəyyən məbləğdə təminat ödəməli ola bilər. Planın əvvəlcə az sayda ölkədə sınaqdan keçirilməsi nəzərdə tutulur. Girovun məbləğinin müraciət edən şəxsdən asılı olaraq dəyişə biləcəyi, ABŞ vətəndaşlığı əldə edildikdən sonra isə geri qaytarıla biləcəyi bildirilir. Bu prosesin isə bir neçə il çəkə biləcəyi qeyd olunur. Administrasiyanın əsaslandırmasına görə, məqsəd ABŞ-yə köçən şəxslərin ölkədə maddi təminata malik olmamasının qarşısını almaqdır. ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott bildirib ki, Prezident Tramp ABŞ-yə immiqrasiya etmək istəyən şəxslərin “maliyyə baxımından özünü təmin etməli olduğunu” açıq şəkildə bəyan edib. Təklif edilən yüksək məbləğli girovun, əsasən, aşağı gəlirli ölkələrdən gələn müraciətçilər üçün ciddi maneə yaradacağı gözlənilir. Bu tip “green card”lar, adətən, ABŞ vətəndaşlarının ailə üzvləri - həyat yoldaşları, valideynləri və digər yaxın qohumları tərəfindən istifadə olunur. Bu addım Tramp administrasiyasının immiqrasiyanı məhdudlaşdırmaq istiqamətində atdığı digər tədbirlərdən sonra gündəmə gəlib. Administrasiya daha əvvəl bəzi ölkələr üzrə immiqrant vizalarının işlənməsini dayandırmışdı. Donald Tramp ötən il ABŞ-də sürətli yaşayış imkanı verən və 1 milyon dollara başa gələn “Tramp qızıl kartı” layihəsini təqdim etmişdi. Lakin təşəbbüsə marağın aşağı olduğu bildirilmişdi. Məlumata görə, may ayına qədər bu proqram çərçivəsində cəmi 338 müraciət daxil olub və yalnız bir müraciət təsdiqlənib.