Tovuz sakini döyülərək öldürülüb — Saxlanılan var
Tovuzda qətl hadisəsi törədilib. “Qafqazinfo” rayon prokurorluğuna istinadən xəbər verir ki, sentyabrın 18-də rayon sakini Elxan Məmmədovun üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə prokurorluğa məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən intensiv istintaq tədbirləri nəticəsində Yaşar Qasımovun sentyabrın 16-da aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elxan Məmmədovu qəsdən öldürməsi və sonuncunun meyitini çayın sahilinə atmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Y.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir. *** DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, sentyabrın 18-də Tovuz rayonunun Əyyublu kəndində 1961-ci il təvəllüdlü Elxan Kərim oğlu Məmmədov un meyiti tapılıb. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun kənd sakini, əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Yaşar Musa oğlu Qasımov tərəfindən döyülərək qəsdən öldürüldüyü müəyyən edilib. Şübhəli şəxs Y.Qasımov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərh verin