Sırskidən Fedorovun vəzifədən azad edilməsinə — Reaksiya - Yenilənib
Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov ölkənin Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskini və Baş Qərargah rəisi Anatoli Qnatovu əvəz etməyi təklif edib. “Qafqazinfo” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Fedorov onun müdafiə naziri postuna namizədliyinin təkrar irəli sürülməməsi qərarına qarşı Kiyevdə və ölkənin digər şəhərlərində keçirilən etirazlar fonunda brifinqdə çıxış edərkən söyləyib. Sabiq nazirin sözlərinə görə, onun istefası islahatlar başladıqdan sonra nazirliyin təşəbbüslərini bloklamış və problemlərin açıq müzakirəsindən yayınmış Sırskinin mövqeyinin nəticəsi olub. O, Sırskini “intriqa səpməkdə” ittiham edib. Fedorov son beş ay ərzində Ukraynanın ötən il aldığından daha çox dron əldə etdiyini, lakin bir çox bölmələrə dronların verilmədiyini söyləyib. O, dövlətdəki real vəziyyətin gizlədilməsini tənqid edib və xalq deputatlarını hərbi qüvvələrin üzləşdiyi çatışmazlıqlar barədə dürüst danışmağa çağırıb. “Real problemin harada olduğunu ucadan deməyə sizin cəsarətiniz haradadır? Bölmələr haqqında, hücumlar haqqında, insanların azadlıq uğrunda öldüyü barədə danışmaq üçün cəsarətiniz haradadır?... Bizə Ukrayna xalqının layiq olduğu dəyişikliklər lazımdır”, - Fedorov deyib. Artıq Ukrayna Prezidenti Volodimir Zelenski də Müdafiə Nazirliyi ilə Baş Qərargah arasındakı münaqişəni şərh edib. Prezident bildirib ki, hərbi rəhbərlik və Müdafiə Nazirliyi arasında problemlər “müxtəlif səviyyələrdə” mövcuddur və yalnız Fedorov ilə Sırski arasındakı şəxsi münaqişə ilə məhdudlaşmır. “Mən çox istərdim ki, birlik olsun. Tərəflər onu tapa bilmədilər. Bu yalnız tərəflərin deyil, həm də mənim problemimdir... Elə ola bilməz ki, kimsə tək qalib gəlsin, kimsə isə tək cavab versin. Birlikdə qalib gəlirik və birlikdə də cavab veririk”. *** Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski sabiq müdafiə naziri Mixail Fedorovun vəzifəsindən azad edilməsinə reaksiya verib. Özünün “Telegram” hesabında paylaşım edən Sırski 2022-ci ildə həyata keçirilmiş Kiyevin müdafiəsi əməliyyatı ilə fəxr etdiyini bildirib. “Məhz onun sayəsində Ukraynanın paytaxtını müdafiə edə bildik. Bu gün həmin şəhərdə brifinqlər keçirilə, qərarlar qəbul oluna bilir”, - Silahlı Qüvvələrin baş komandanı yazıb. Sırski bu cür tədbirlərin azad və müstəqil Ukraynada da keçirilə bilməsi üçün səylərini davam etdirəcəyini qeyd edib. “Bunun üçün müharibəyə və hazırda konkret nəticələr nümayiş etdirən effektiv strategiyaya diqqət yetirməliyik. Mixail Fedorova Ukraynanın müdafiə naziri vəzifəsindəki işinə görə təşəkkür edirəm. Ona bundan sonra da Ukrayna komandasında qalmasını arzulayıram”, - o əlavə edib.

Şərh verin