Dövlət özəl bağçaların xidməthaqqının 70 faizini maliyyələşdirəcək

“Son on il ərzində məktəbəqədər təhsil sahəsində mühüm işlər görülüb, uşaqların daha erkən yaşdan məktəbəqədər təhsilə cəlb olunması istiqamətində mərhələli tədbirlər həyata keçirilib”. “Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib. Onun sözlərinə görə, görülən işlərə dövlət məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, yeni binaların tikilməsi, mövcud binaların əsaslı və cari təmiri daxildir. “Digər tərəfdən, 2016-cı ildən etibarən məktəblərdə məktəbəhazırlıq qrupları yaradılıb. Ötən tədris ilində 86 mindən çox beşyaşlı uşaq həmin qruplara cəlb olunub. Bununla yanaşı, başa çatan tədris ilində 24 mindən çox uşaq icma əsaslı məktəbəqədər hazırlıq qruplarında təhsil alıb. Bu istiqamətdə həyata keçirdiyimiz maraqlı təşəbbüslərdən biri də valideyn–dövlət–özəl əməkdaşlığı modelidir. Bu layihəyə iki il əvvəl qrant mexanizmi ilə başlanılıb və 2025–2026-cı tədris ilində 4 mindən çox uşaq bu maliyyə dəstəyindən faydalanıb”. Direktor müavini qeyd edib ki, mövcud qaydalara əsasən, dövlət özəl məktəbəqədər təhsil müəssisələrinin təklif etdiyi xidməthaqqının 70 faizini maliyyələşdirəcək. “Bu maliyyə dəstəyi Bakı şəhərində 350 manatdan, regionlarda isə 250 manatdan çox olmamaq şərti ilə veriləcək. Ayrılan vəsait xidməthaqqının əhəmiyyətli hissəsini qarşılayır. Hesab edirik ki, bir çox ailə bu imkanlardan yararlanacaq. Bu mexanizm bir tərəfdən dövlət uşaq bağçalarında növbədə gözləyən uşaqların sayının azalmasına, daha çox uşağın məktəbəqədər təhsilə çıxışına şərait yaradacaq. Digər tərəfdən isə özəl təhsil müəssisələrinin inkişafına, onların potensialından daha səmərəli istifadə olunmasına və yeni iş yerlərinin açılmasına töhfə verəcək”, - o əlavə edib. V.Yaqublu əlavə edib ki, yeni qəbul olunmuş qanunun özəl məktəbəqədər təhsil müəssisələrində qiymət artımına səbəb olub-olmayacağını bazar müəyyən edəcək. O bildirib ki, özəl müəssisələr xidməthaqqını artırdıqca müsabiqədə qalib olmaq və daha çox uşağı cəlb etmək imkanları azalır. “Özəl müəssisələr bunu yaxşı bilirlər. Hesab edirəm ki, bu baxımdan ciddi qiymət artımı baş verməyəcək”, - direktor müavini vurğulayıb. O qeyd edib ki, qəbul edilən qanun bir tərəfdən dövlət məktəbəqədər təhsil müəssisələrində növbədə gözləyən uşaqların sayının azalmasına, daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasına şərait yaradacaq. Onun sözlərinə görə, digər tərəfdən bu mexanizm özəl məktəbəqədər təhsil müəssisələrinin inkişafına, onların potensialından daha səmərəli istifadə edilməsinə imkan verəcək. “Bu, həm də yeni iş yerlərinin açılması deməkdir. Tam gücü ilə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə yeni tərbiyəçi-müəllimlərə və dayələrə ehtiyac yaranacaq ki, bu da onların məşğulluğunun təmin olunmasına töhfə verəcək”, – V.Yaqublu əlavə edib.