HƏMAS-ın yeni lideri o seçildi
HƏMAS hərəkatı Xəlil əl-Həyyanın təşkilatın yeni ümumi lideri seçildiyini rəsmən elan edib. Milli.Az xəbər verir ki, məlumata görə, bu qərarla İsrailin həyata keçirdiyi əməliyyatlar nəticəsində öldürülən təşkilat rəhbərləri İsmayıl Haniyə və Yəhya Sinvardan sonra yaranmış rəhbərlik boşluğunun aradan qaldırılması üçün başladılan keçid prosesi yekunlaşıb. Bildirilib ki, liderin müəyyənləşdirilməsi məqsədilə keçirilən daxili seçkidə əsas mübarizə HƏMAS-ın keçmiş siyasi büro rəhbəri Xalid Məşəl ilə təşkilatın sabiq sədr müavini Xəlil əl-Həyya arasında gedib. İlk səsvermədə heç bir namizəd tələb olunan səs çoxluğunu toplaya bilmədiyindən qalib ikinci turda müəyyənləşdirilib. Xəlil əl-Həyya 2024-cü ilin oktyabrında Qəzzada öldürülən Yəhya Sinvardan sonra təşkilata rəhbərlik edən müvəqqəti idarəetmə şurasını əvəz edəcək. Onun 2027-ci ildə keçirilməsi planlaşdırılan növbəti seçkiyə qədər bu vəzifəni icra edəcəyi bildirilib. HƏMAS-ın daxili qaydalarına əsasən, təşkilatın rəhbəri məşvərət şurası üzvlərinin yarıdan çoxunun dəstəyini qazanmalıdır. Həmçinin 2021-ci ildə qəbul edilən razılaşmaya uyğun olaraq, təşkilatın iki ən yüksək rəhbər postundan ən azı biri Qəzza bölgəsini təmsil edən şəxsə verilməlidir. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin