Avtomobildən pul və mobil telefon oğurlayan şəxslər saxlanıldılar (Video)

Binəqədi rayonunda avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən iki nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, hadisə gecə saatlarında Binəqədi rayonu ərazisində baş verib. Naməlum şəxslər bir nəfərə məxsus "Mercedes" markalı avtomobildən 1 000 manat nağd pul və 500 manat dəyərində mobil telefon oğurlayıblar. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 43-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. Onların əvvəllər oğurluq və narkotik vasitələrlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı Nəsimi Quliyev və 24 yaşlı Elvin Həsənov olduqları müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)