Ölkədə bir daha seçkilərin keçirilməyəcəyini açıqladı
Nikaraqua Prezidenti Daniel Orteqa müxalifətin hakimiyyətə gəlişinin qarşısını almaq üçün ölkədə bir daha seçkilərin keçirilməyəcəyini elan edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb. “Onlar hökuməti ələ keçirməyə, hakimiyyəti zəbt etməyə cəhd edə bilməsinlər deyə burada daha heç bir seçki keçirilməyəcək”, - deyə o bildirib. 2007-ci ildən hakimiyyətdə olan Orteqa parlament və müvafiq qurumlarla qanunlar üzərində işləyəcəklərini söyləyib: “Bizə sui-qəsdçilərin və öz ölkəsinə xəyanət edən xainlərin qarşısında divar, sədd çəkəcək qanunlar lazımdır”. Qeyd edək ki, Nikaraquada növbəti ümumxalq seçkiləri gələn il keçirilməlidir. Orteqa seçkilərin ləğv ediləcəyi və ya müxalifətin iştirakına qadağa qoyulacağı ilə bağlı konkret açıqlama verməyib. 2021-ci il baş tutmuş sonuncu seçki kampaniyası zamanı Orteqa rejimi partiyaları qadağan etmiş və müxalifətin bütün prezidentliyə namizədlərini həbs etmişdi.

Şərh verin