Beş yaşlıların məktəb seçiminə başlandı
Bu gündən 2026-2027-ci tədris ili üzrə məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin məlumatına görə, Bakı şəhəri üzrə seçim prosesi 21 iyul saat 15:00-dan etibarən başlayıb və valideynlər artıq məktəb seçimi edə bilərlər. Saat 11:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimi başlayıb. "Tədris digər dillərdə aparılan bölmələr üzrə isə 22 iyul saat 11:00-da başlayacaq", - MÜTDA-nın mətbuat xidmətinin məlumatında bildirilib. Qeydiyyat "mektebeqebul.edu.az" portalı üzərindən aparılır və 14 sentyabr saat 18:00-a qədər davam edəcək. Qeyd edək ki, məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur. 2026-2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi 10 iyuldan etibarən başlayıb. Xatırladaq ki, MÜTDA-nın rəsmi saytındakı məlumatlara görə, 06 may 2026-cı il tarixindən etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib. Birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir. Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi əsas hədəflərdəndir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin