Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın göstərdiyi dəstək müasir Azərbaycan jurnalistikasının ümumi inkişafının əsasını təşkil edib - Trend BİA-nın baş redaktoru
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdiyi dəstək müasir Azərbaycan jurnalistikasının ümumi inkişafının əsasını təşkil edib. Milli.Az bildirir ki, Trend -ə bu fikirləri Trend Beynəlxalq İnformasiya Agentliyi baş redaktoru Emin Əliyev "LinkedIn" səhifəsində paylaşdığı yazıda qeyd edib. Bu gün biz Azərbaycan Milli Mətbuat Gününü - həyatını jurnalistikaya həsr etmiş hər kəsin peşə bayramını qeyd edirik. Bu əlamətdar gün münasibətilə həmkarlarımı, ölkəmizin bütün kütləvi informasiya vasitələrinin əməkdaşlarını ürəkdən təbrik edirəm! Son illər ərzində biz çox böyük inkişaf yolu keçmişik. Bu yol davamlı tərəqqi dövrü olub. Biz yeni çoxdilli layihələr yaratdıq, unikal rəqəmsal platformalar hazırlayıb istifadəyə verdik. Məhz bunun sayəsində həm ölkə daxilində, həm də beynəlxalq miqyasda auditoriyamızı genişləndirə bildik və sübut etdik ki, Azərbaycan mediası qlobal informasiya məkanında uğurlu və rəqabətə davamlı ola bilər. Dünyanın ən qabaqcıl həllərindən geri qalmayan müasir platformalara malik olmağımız bizi unikal edir, bizi sıradan bir xəbər resursu olmaqdan uzaqlaşdırır. Bununla yanaşı, Trend Beynəlxalq İnformasiya Agentliyinin biznes modelini köklü şəkildə yenilədik və regionda ilk dəfə olaraq redaksiyanın idarə edilməsində süni intellekt tətbiq etdik. Bütün bunlar dünyanın aparıcı texnologiyalarını və ən müasir alətlərini özündə birləşdirən, tamamilə özümüz tərəfindən hazırlanmış məhsul və həllərdir. Həmçinin Avropada yaratdığımız bir sıra xarici layihələri də xüsusi qeyd etmək istərdim. Bu layihələr artıq həmin regionun media məkanında möhkəm mövqe tutublar. Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı üçün əlverişli şərait yaradılmasaydı, bunların heç biri mümkün olmazdı. Məhz Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın dəstəyi sayəsində ölkəmizdə müasir və peşəkar mətbuatın formalaşması, jurnalistlərin və bütövlükdə jurnalistikanın inkişafı üçün əlverişli mühit yaradılıb. Bu dəstək Azərbaycan mediasına inamla irəliləməyə, innovasiyalar tətbiq etməyə, davamlı inkişaf etməyə və ölkəmizi beynəlxalq informasiya məkanında layiqincə təmsil etməyə imkan verir. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin