AMB qiymətli kağızların icarəyə verilməsi əməliyyatına başlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta ehtiyatlarının daha səmərəli idarə olunması və gəlirliliyinin artırılması məqsədilə ilk dəfə qiymətli kağızların icarəyə verilməsi (securities lending) əməliyyatını tətbiq edib. AMB-dən verilən məlumata görə, proqram iyulun 23-dən etibarən qüvvəyə minib. Qiymətli kağızların icarəyə verilməsi prosesi Mərkəzi Bankın uzunmüddətli tərəfdaşı və qlobal kastodian bankı olan Bank of New York Mellon (BNYM) tərəfindən həyata keçiriləcək. Proqram çərçivəsində Mərkəzi Bankın portfelində olan 1 milyard ABŞ dollarınadək həcmdə borc qiymətli kağızlarının beynəlxalq maliyyə bazarlarında qısamüddətli əsasda icarəyə verilməsi nəzərdə tutulur. Qeyd olunub ki, bu mexanizm valyuta ehtiyatlarının təhlükəsizlik və likvidlik prinsipləri qorunmaqla əlavə gəlir əldə edilməsinə imkan yaradacaq. Mərkəzi Bank bildirib ki, beynəlxalq qabaqcıl təcrübəyə uyğun olaraq valyuta ehtiyatlarının idarə olunması çərçivəsinin təkmilləşdirilməsi və ehtiyatların daha səmərəli idarə olunması istiqamətində tədbirlər gələcəkdə də davam etdiriləcək. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)