6 ayda Azərbaycandan 4,5 min tondan çox nar ixrac edilib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 4 min 575 ton nar ixrac edib. Milli.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 3 milyon 999 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 452 ton (9 %), dəyər baxımından isə, 299 min dollar (7 %) azdır. Hesabat dövründə nar ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub. 6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur. Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb. Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)