Sürücülər şikayətçidir: Skuterlər hərəkətə mane olur

Bakının müxtəlif ərazilərində mikromobillik imkanlarının artırılması məqsədilə velosiped və skuter istifadəçiləri üçün xüsusi zolaqlar və parklanma sahələri yaradılıb. Milli.Az xəbər verir ki, lakin bəzi istifadəçilər skuterləri nəzərdə tutulan dayanacaq yerlərində saxlamaq əvəzinə, onları səkilərdə, yol kənarlarında və hərəkət hissəsində buraxırlar. Bu hal piyadaların rahat hərəkətinə mane olmaqla yanaşı, digər mikromobillik vasitələrindən istifadə edənlər üçün də təhlükə yaradır. Nizamsız park edilən skuterlər sürücülərin də narazılığına səbəb olur. Onların sözlərinə görə, bəzən skuterlər yolun hərəkət hissəsində və ya keçidlərdə saxlanılır ki, bu da əlavə maneələr yaradır. Sürücülər hesab edirlər ki, skuter istifadəçiləri onlar üçün ayrılmış xüsusi zolaqlardan və parklanma məntəqələrindən istifadə etməlidirlər. Bu, həm yol hərəkətinin təhlükəsizliyinə, həm də şəhər infrastrukturundan daha düzgün istifadəyə imkan verər. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)