Təzə balığı necə seçmək olar?
Balıq alarkən onun təzə olub-olmadığını müəyyən etmək sağlamlıq baxımından olduqca vacibdir. Mütəxəssislər bildirirlər ki, bir neçə sadə əlamətə diqqət etməklə keyfiyyətli balığı seçmək mümkündür. Bildirilib ki, ilk növbədə balığın gözlərinə baxmaq lazımdır. Təzə balığın gözləri parlaq, şəffaf və qabarıq olur. Gözlərin bulanıq və batıq görünməsi isə məhsulun uzun müddət saxlanıldığını göstərə bilər. Digər vacib göstərici isə qəlsəmələrdir. Təzə balığın qəlsəmələri qırmızı və ya çəhrayı rəngdə, təmiz görünməlidir. Solğun, boz və ya pis qoxulu qəlsəmələr balığın təzə olmadığından xəbər verə bilər. Mütəxəssislər balığın dərisinə və qoxusuna da diqqət yetirməyi tövsiyə edirlər. Təzə balığın dərisi parlaq, əti isə elastik olur. Barmaqla yüngül basıldıqda çökəklik tez aradan qalxmalıdır. Kəskin və xoşagəlməz qoxu isə balığın keyfiyyətinin aşağı olduğunu göstərə bilər. Bundan əlavə, balığın üzərində selikli qatın həddindən artıq olması, ətinin yumşalması və rənginin dəyişməsi də onun təzə olmadığını göstərən əlamətlər sırasındadır. Mütəxəssislər istehlakçılara balığı yalnız etibarlı satış məntəqələrindən almağı və saxlanma şəraitinə diqqət etməyi məsləhət görürlər. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin