Monteneqro bu ölkələr üçün vizasız rejimi ləğv edir
Monteneqro Avropa İttifaqının viza siyasətinə uyğunlaşmaq məqsədilə Türkiyə, Çin, Rusiya, Səudiyyə Ərəbistanı və Belarus vətəndaşları üçün vizasız rejimi ləğv edəcək. “Qafqazinfo” xəbər verir ki, Monteneqro Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, 1 noyabr 2026-cı ildən etibarən bu beş ölkənin vətəndaşlarının ölkəyə daxil olmaq üçün viza alması tələb olunacaq. Yeni qaydalar qüvvəyə minənədək həmin ölkələrin vətəndaşları mövcud vizasız rejimdən yararlana biləcəklər. 31 oktyabrdan sonra isə Monteneqroya səfər etmək istəyən Türkiyə, Çin, Rusiya, Səudiyyə Ərəbistanı və Belarus vətəndaşları viza üçün müraciət etməli olacaqlar. Monteneqro hökuməti qərarın ölkənin viza siyasətinin Avropa İttifaqının qaydaları ilə tam uyğunlaşdırılması çərçivəsində qəbul edildiyini açıqlayıb. Bu addımla Monteneqro Aİ-yə üzvlük danışıqlarının 24-cü fəslinin bağlanması üçün əsas meyarlardan birini yerinə yetirib. Sözügedən fəsil ədalət, azadlıq və təhlükəsizlik məsələlərini əhatə edir. Monteneqro Aİ-yə üzvlük prosesini sürətləndirir və 2028-ci ildə ittifaqa qoşulmağı hədəfləyir. Monteneqro 2025-ci ilin oktyabrında Türkiyə vətəndaşları üçün vizasız rejimi müvəqqəti dayandırmışdı. Daha sonra qərar ləğv edilsə də, vizasız qalma müddəti 90 gündən 30 günə endirilmişdi. Yeni qərarla isə Türkiyə vətəndaşları ilə yanaşı, Çin, Rusiya, Səudiyyə Ərəbistanı və Belarus vətəndaşları üçün də vizasız giriş rejimi tamamilə aradan qaldırılacaq.

Şərh verin