"Çıxarışımız var, amma işləyə bilmirik"
Paytaxtın Nərimanov rayonu, Təbriz küçəsi 95 ünvanında fəaliyyət göstərən onlarla sahibkar obyektlərinin gələcək taleyi ilə bağlı narahat olduqlarını bildirirlər. Milli.Az xəbər verir ki, onların sözlərinə görə, təxminən iki ay əvvəl ərazidə dövlət layihəsinin həyata keçiriləcəyi bildirilib və obyektləri boşaltmaları tələb olunub. Bundan sonra ticarət fəaliyyəti dayandırılıb, ərazi hasarlanıb, elektrik, su və qaz təchizatı kəsilib. Sahibkar Qabil Qasımov bildirib ki, obyektin rəsmi çıxarışı var və burada 2010-2011-ci illərdən fəaliyyət göstərirlər. Onun sözlərinə görə, mülkiyyətçilərlə əvvəlcədən razılaşma aparılmadan obyektlərin boşaldılması nəticəsində sahibkarlar həm fəaliyyət imkanını, həm də obyektlərə yatırdıqları vəsaiti itiriblər. Sahibkarlar məsələ ilə bağlı Bakı Şəhər və Nərimanov Rayon İcra Hakimiyyətlərinə müraciət etdiklərini, lakin onlara yalnız layihə ilə bağlı gözləmələrinin bildirildiyini deyirlər. Onların sözlərinə görə, kompensasiya, alternativ yer və ya obyektlərin gələcək taleyi barədə hələlik rəsmi məlumat verilməyib. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Şərh verin