Sertifikatlaşdırma imtahanında texniki səhvlər aşkarlandı
Müəllimlərin sertifikatlaşdırma imtahanı üzrə apellyasiya müraciətlərinə baxılmasının nəticələri açıqlanıb. Bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu məlumat yayıb. Bildirilib ki, ekspertlərin apardığı araşdırma zamanı bəzi test tapşırıqlarında qiymətləndirməyə təsir edən texniki xarakterli uyğunsuzluqlar aşkarlanıb. Belə ki, iyunun 24-də keçirilən tarix fənni üzrə Azərbaycan və rus bölmələrində 2, riyaziyyat fənni üzrə Azərbaycan və rus bölmələrində 1, iyunun 25-də keçirilən texnologiya fənni üzrə Azərbaycan bölməsində 1, fiziki tərbiyə fənni üzrə isə rus bölməsində 1 test tapşırığı ilə bağlı texniki problem müəyyən edilib. Qeyd olunub ki, texniki səhvlər nəzərə alınaraq həmin suallar üzrə müvafiq bal düzəlişləri bu tapşırıqların təqdim olunduğu müəllimlərin xeyrinə hesablanıb. Məlumata görə, iyunun 17-25-də dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılmasının test mərhələsi keçirilib. 35 imtahan mərkəzində təşkil olunan imtahanlarda 22 mindən çox müəllim iştirak edib, davamiyyət göstəricisi isə 96 faiz olub. Sertifikatlaşdırma prosesinə Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, ingilis, fransız və alman dilləri, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, informatika, tarix, ibtidai sinif, təsviri incəsənət, musiqi, fiziki tərbiyə və texnologiya fənlərini tədris edən müəllimlər cəlb olunublar. Təhsil İnstitutu bildirib ki, test mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu iyulun 26-da saat 12:00-da başa çatdıqdan sonra bütün müraciətlər ekspertlər tərəfindən yenidən araşdırılıb. Təhlillər nəticəsində test tapşırıqlarının məzmununda çərçivə sənədləri və tədris vəsaitləri ilə hər hansı uyğunsuzluq müəyyən edilməyib, yalnız bəzi suallarda texniki problemlər aşkar olunub. Yekunda qeyd edilib ki, yenilənmiş nəticələr müəllimlərin portal.edu.az platformasındakı şəxsi kabinetlərinə yerləşdirilib. Müəllimlər "Sertifikatlaşdırma" bölməsinə daxil olaraq apellyasiya nəticələri ilə tanış ola bilərlər. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin