Xankəndidə əməyin mühafizəsi üzrə növbəti maarifləndirmə tədbirləri keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Xankəndi şəhərində əməyin mühafizəsinə dair növbəti maarifləndirmə tədbirləri keçirib. “Qafqazinfo” xəbər verir ki, Xankəndidə 30 müəssisəni əhatə edən 8 tədbirdə işəgötürənlərin nümayəndələri və işçilərdən ibarət 232 nəfər iştirak edib. Maarifləndirmə tədbirləri Xidmətin, Azərbaycanın Minatəmizləmə Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, həmçinin Dövlət Məşğulluq Agentliyinin əməkdaşlarının iştirakı ilə keçirilib. İştirakçılara əməyin mühafizəsi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri barədə məlumatlar verilib. Müvafiq sahədə yeni dövlət standartlarının tətbiqindən, həmçinin iş yerlərində təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına yönəlmiş tədbirlərdən bəhs olunub. Mina təhlükəsizliyinin əsas prinsipləri, mövcud risklər və onların qarşısının alınması üzrə mühüm məlumatlar da diqqətə çatdırılıb. İştirakçılara müvafiq mövzular üzrə yaddaş kitabçaları, bukletlər və digər məlumatlandırıcı materiallar təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.