
Niyə hakim “Qarabağ”a penalti vermədi?
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda keçirilən "Atletik Bilbao" - "Qarabağ" oyununda baş verən penalti epizodu geniş müzakirələrə səbəb olub. Qarşılaşmanın 72-ci dəqiqəsində "Qarabağ"ın futbolçusuna qarşı cərimə meydançasında baş verən təmasdan sonra penalti gözlənilsə də, baş hakim İqor Payaç onbirmetrlik zərbə təyin etməyib və künc zərbəsi qərarını verib. Xorvatiyalı referi VAR-a müraciət etməyə də ehtiyac duymayıb. Milli.Az bildirir ki, teleqraf bu epizodla bağlı təcrübəli, sabiq FİFA referilərinin fikirlərini öyrənib. Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sabiq sədri Mustafa Çulcu bildirib ki, epizod birmənalı şəkildə penaltidir: "Qarabağ"ın futbolçusu topa oynayır, rəqib oyunçu isə ayağını uzadır, amma topa toxuna bilmir. "Atletik"in oyunçusu rəqibinin dabanına təmas edir və onu büdrədir. Açığı, videoya baxanda elə bildim ki, hakim penalti təyin edib. Bu, açıq-aşkar qayda pozuntusudur." Hazırda "A Spor" telekanalında ekspert kimi çıxış edən Çulcu həmçinin İqor Payaçın VAR-a baxmamasını da tənqid edib: "VAR-da İvan Bebek olub. O, keçmişdə "Fənərbağça"nın oyununda da səhv qərarları ilə yadda qalmışdı. "Qarabağ"ın son nəticələri, yəni "Benfika" və "Kopenhagen" üzərində qələbələri bəzilərini narahat edib. Elə buna görə də bu cür qərarların verilməsi təəccüblü deyil. "Qarabağ" kimi komandalar meydanda olduğu qədər meydandan kənarda da güclü olmalıdırlar." Digər türkiyəli sabiq FİFA referisi Bünyamin Gezer də epizodu penalti kimi qiymətləndirib: "Burada əlavə izaha ehtiyac yoxdur. Bu, açıq şəkildə penaltidir və VAR müdaxilə etməliydi." Qeyd edək ki, həmin epizod zamanı hesab 2:1 "Atletik"in xeyrinə idi. Penalti təyin edilsəydi, "Qarabağ" səfərdən xalla dönə bilərdi. Lakin 88-ci dəqiqədə ispan təmsilçisi daha bir qol vuraraq oyunu 3:1 hesabı ilə başa vurdu. Milli.Az
Şərh verin