Gələn ildən sosial yardım nə qədər artacaq?

“2026-cı ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımından vacibdir”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında şərh verib. Deputat qeyd edib ki, bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq: “Eyni zamanda, ehtiyac meyarı artırılacağı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək. Məsələn : ailənin 5 üzvü var və həmin ailənin aylıq rəsmi gəliri 900 manatdır. Bu il həmin ailə üçün 1425 manat (5 nəfər x 285 manat) ehtiyac meyarı, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 525 manat (1425 manat - 900 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda, o, proqram çərçivəsində ayda dövlətdən 525 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyarı gələn ildən 1500 manata yüksəlir (5 nəfər X 300 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 525 manat deyil, 600 manat (1500 manat- 900 manat) olur”. V.Bayramov əlavə edib ki, hazırda 80 min 300 aztəminatlı ailənin 353 min 300 üzvü ünvanlı sosial yardım alır. Bu isə o deməkdir ki, artımlardan faydalanan ailələrin sayı kifayət qədər çox olacaq”.