Yanacaqdoldurma məntəqəsində avtomobil partladı — Video - Yenilənib

Qaradağ rayonu, Ələt qəsəbəsində avtomobil yanacaqdoldurma məntəqəsində partlayıb. “Qafqazinfo” xəbər verir ki, maye qazla işləyən “Mercedes” markalı avtomobildə yanacaq doldurarkən anidən partlayış baş verib. Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. *** Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində avtomobildə partlayış baş verib. Əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin qaz balonunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub. Yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Partlayış nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. *** TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 06:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb. Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 44 yaşlı (kişi) şəxs sağ ayağın və diz oynağının travması diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstituna hospitalizasiya olunub. Ziya Əmirxanlı