Professor Şamaxıda tələbələrlə görüşdü — Fotolar
Şamaxı Rayon İcra Hakimiyyəti, ADPU və universitetin Şamaxı filialının, eləcə də Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı Rayon Mədəniyyət Mərkəzində filologiya elmləri doktoru, professor, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, tanınmış şairə Mahirə Nağıqızının Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbələri ilə görüşü keçirilib. “Qafqazinfo” xəbər verir ki, yaradıcılıq gecəsində Milli Məclisin deputatları, ADPU-nun və Şamaxı filialının professor-müəllim heyəti, tələbələr, məzunlar və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova və Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanın, o cümlədən Şamaxının poeziya mühitindən, ədəbiyyatın cəmiyyətin inkişafında rolundan, şairə Mahirə Nağıqızının Azərbaycan ədəbiyyatına, elm və təhsilin inkişafına verdiyi dəyərli töhfələrdən, ziyalı mövqeyindən və gənclərin mənəvi dünyasının formalaşmasındakı xidmətlərindən danışıblar. Tədbirdə Əməkdar artistlər Elnur Zeynalov, Elnarə Abdullayeva, Güllü Muradova, “Cahan” muğam qrupu və “Eşq” ansamblı şairənin şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər. ADPU Şamaxı filialının tələbələri Mahirə Nağıqızının şeirlərini səsləndirib. Müəllif tələbələrin çoxsaylı suallarlarını cavablandırıb. Görüşün sonunda Mahirə Nağıqızı tələbələrə təhsil və yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayaraq, gənclərin mənəvi-estetik tərbiyəsində ədəbiyyatın və müəllim əməyinin rolundan danışıb.

Şərh verin