Vəkil Zabil Qəhrəmanov həbs edildi - YENİLƏNİB
Xuliqanlıq və müvəkkilinə qarşı dələduzluq etməkdə ittiham edilən vəkil Zabil Qəhrəmanov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub. APA xəbər verir ki, təqdimata Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə baxılıb. Məhkəmə təqdimatı təmin edib və vəkil Zabil Qəhrəmanov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, vəkil Zabil Qəhrəmanov oktyabrın 23- də polis əməkdaşları tərəfindən saxlanılıb. Zabil Qəhrəmanova Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Qeyd edək ki, Gəncədə yaşayan vəkil daha çox Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun müdafiəçisi kimi tanınıb. Bir neçə gün əvvəl onun vəkillik fəaliyyəti 6 aylıq dayandırılıb. ------- Ötən gün saxlanılan tanınmış vəkil Zabil Qəhrəmanov barəsində cinayət işi başlanılıb. Bu barədə "Qafqazinfo"ya onun vəkili Səadət Seyidli məlumat verib. Vəkilin sözlərinə görə, həmkarı Cinayət Məcəlləsinin 221.2.2-ci ( xuliqanlıq-hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə ittiham olunur. Hadisə Göygöldə baş verib. Z.Qəhrəmanovun avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edərək ona xəsarət yetirdiyi bildirilir. Vəkilin təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir. Məlumat üçün bildirək ki, 221.2.2-ci maddənin sanksiyasında islah işləri, azadlığın məhdudlaşdırılması və 1 ildən 3 ilədək həbs cəzası nəzərdə tutulur. Milli.Az

Şərh verin