“Zəfər rəqsi” filminin premyerası keçirilib — Fotolar
Oktyabrın 24-də Nizami Kino Mərkəzində Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5 illiyi münasibətilə “Zəfər rəqsi” adlı qısametrajlı bədii filmin qala premyerası keçirilib. “Qafqazinfo” xəbər verir ki, film “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşəbbüsü ilə ASAN TV tərəfindən istehsal edilib. Ekran əsəri Mir Cəlal adına Hekayə Müsabiqəsinin mükafatçı əsəri, mərhum yazıçı Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında ərsəyə gətirilib. Layihə “Ədibin Evi”, “ASAN Radio” və “ASAN TV” tərəfindən birgə təşkil olunub. Premyerada mədəniyyət naziri Adil Kərimli, aktyorlar, yazıçılar, gənc yaradıcılar, media və ictimaiyyət nümayəndələri, eləcə də qazilər iştirak ediblər. Tədbir Azərbaycanın milli musiqi irsini əks etdirən muğam ifası ilə başlanıb və bu, mərasimə xüsusi ruh və dərin mənəvi ovqat qatıb. Filmin gənc rejissoru Gəray Həsən olub. Baş rolları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Niyaz İlyasoğlu canlandırıblar. Bədii film Vətən müharibəsi qazisinin müharibədən sonrakı həyatından bəhs edir. Azər Aydəmir yaradıcılığında ilk dəfə qazi obrazını canlandırdığını və bu filmin yaddaşında xüsusi layihə kimi qalacağını bildirib: “Filmin qəhrəmanı müharibədən sonra sadəcə rəqs etmək arzusu olan şəxsdir. Amma təəssüf ki, qazimiz döyüşdə ayaqlarıından ciddi zədələr alıb və bu arzusunun gerçəkləşməsi mümkünsüz görünür. Filmin sonunda o, bu arzunu gerçəkləşdirir. Arzum budur ki, tamaşaçılar filmi sevsin, paylaşsın, daha çox insanın izləməsinə səbəb olsun”. Çəkiliş prosesində YAŞAT Fondu ekspert dəstəyi ilə çıxış edib. “Zəfər rəqsi” filmi “Balakhani Operating Company” hasilat şirkətinin dəstəyi ilə ərsəyə gəlib. Filmin nümayişindən əvvəl çıxış edən “Balakhani Operating Company” hasilat şirkətinin rəhbəri Rövşən Rzayev qeyd edib ki, ölkəmizdə güclü iqtisadiyyatın qurulması və ordu quruculuğunun inkişafı milli dirçəlişin əsasını təşkil edir: “Balaxanı neftin beşiyi olmaqla yanaşı, kino tariximizin də başlandığı məkandır. Burada çəkilmiş qısametrajlı filmlər milli kino irsimizin bünövrəsini qoyub. Biz bu mədəni irsi davam etdirməkdən qürur duyuruq”. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxışında bildirib ki, gənclər siyasətində, mədəniyyət və təhsil sahəsində aparılan məqsədyönlü işlər nəticəsində bu gün gənc nəsil Zəfərin mənəvi dəyərini dərindən anlayır: “Qürurverici haldır ki, bu illər ərzində gənclərimiz Vətən müharibəsinin qəhrəmanlıq ruhunu unutmur və bu mövzunu yaşatmaq üçün müxtəlif sahələrdə, o cümlədən mədəniyyət və təhsil istiqamətində fəal şəkildə çalışırlar. “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu mədəniyyətin və ədəbiyyatın təbliği, onların yaşadılması istiqamətində mühüm layihələr həyata keçirir. “Zəfər rəqsi” filmi də bu dəyərli təşəbbüslərdən biridir. Bu günədək 40 mindən çox gənc “ASAN xidmət”də könüllü kimi fəaliyyət göstərib. YAŞAT Fondu çərçivəsində 18 mindən çox şəhid ailəsi ilə görüşlər keçirilib, onların sosial rifahı istiqamətində mühüm tədbirlər görülüb. Şəhid övladlarının adına depozit hesabları açılır və bu vəsaitlər uşaqlar 6 yaşına çatdıqdan sonra onların istifadəsinə verilir. Bundan əlavə, məktəb ləvazimatlarının təminatı, YAŞAT düşərgələrinin təşkili kimi sosial layihələr də davamlı şəkildə həyata keçirilir”. Tədbirdə çıxış edənlər filmin həm bədii, həm də mənəvi əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, “Zəfər rəqsi” Vətən müharibəsində əldə olunan böyük qələbənin sevincini, xalqın birliyini və döyüşçülərimizin qəhrəmanlığını əks etdirir. “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun direktoru Şəfəq Mehrəliyeva isə çıxışında bildirib ki, “Zəfər rəqsi” Azərbaycan xalqının qəhrəmanlığına və Vətən müharibəsindəki şücaətinə ithaf olunub. Qeyd edək ki, “Zəfər rəqsi” filmi noyabrın 8-i – Zəfər Günündə İctimai Televiziyada geniş tamaşaçı auditoriyasına təqdim olunacaq. Lamiyə Məmmədova

Şərh verin