Kiyevə dron hücumu — Ölənlər var

Oktyabrın 26-na keçən gecə Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə növbəti dəfə hava hücumu təşkil edib. “Qafqazinfo”nun məlumatına görə, gecə saatlarında hava hücumundan müdafiə sistemləri fəaliyyətə başlayıb, ardıcıl partlayış səsləri eşidilib. Zərərsizləşdirilən dronların qalıqları şəhərin bir neçə yaşayış binasında yanğına səbəb olub. Kiyev meri Vitali Kliçko “Telegram” hesabında bildirib ki, hücum nəticəsində ilkin məlumata əsasən, 3 nəfər həyatını itirib, 27 nəfər yaralanıb, onların arasında 3 uşaq da var. Merin sözlərinə görə, dronlardan biri paytaxtın Desnyansk rayonunda yerləşən doqquzmərtəbəli binanın ikinci mərtəbəsinə düşüb. Nəticədə bir neçə mənzil yanıb, alov dördüncü və yeddinci mərtəbələrin eyvanlarına da keçib. Yanğın artıq söndürülüb. Digər ünvanda yerləşən doqquzmərtəbəli yaşayış binasında da pəncərə və qapılara, eləcə də altıncı və səkkizinci mərtəbələrin fasad və tavan hissələrinə ziyan dəyib. Hadisə yerindən 5 nəfər xilas edilib. Bundan başqa, dronun qalıqları Obolon rayonunda 16 mərtəbəli yaşayış binasının üzərinə düşüb. Binanın bir mənzilinə zərər dəysə də, yanğın və ciddi konstruktiv zədə qeydə alınmayıb.