“Gözlərinə baxıb bütün arqumentləri masaya qoyacağam”

“Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq niyyətində deyil”. “Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşdə bildirib. Onun sözlərinə görə, Ermənistanın Aİİ-dən çıxacağı ilə bağlı yayılan məlumatlar əsassızdır. Baş nazir qeyd edib ki, özü hazırda həm Ali Avrasiya İqtisadi Şurasının, həm də Avrasiya Hökumətlərarası Şurasının üzvüdür: “Ermənistan nəinki Aİİ-dən çıxmağa hazırlaşır, əksinə, mən Aİİ-nin bu iki ali idarəetmə orqanında təmsil olunan yeganə rəsmisiyəm”. Paşinyan əlavə edib ki, 7 iyunda keçiriləcək parlament seçkilərindən sonra Avrasiya İqtisadi İttifaqı çərçivəsində fəaliyyətini davam etdirəcək: “7 iyundan sonra mandat alsam, işə qayıdacağam və görəcəksiniz ki, bütün panik ifadələr neytrallaşdırılacaq. Aİİ formatına qayıdacağam, həmkarlarımın gözlərinin içinə düz baxacağam və bütün arqumentləri masa üzərinə qoyacağam”. O həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən səsləndirilən “Ermənistan kimə lazımdır?” fikrinə də münasibət bildirib : “Bu ifadənin siyasi nəticələri olmalıdır. Nəticə olaraq da Ermənistan heç vaxt alternativsiz qalmayacaq. Tək yol, tək boru, tək müttəfiq ümidi ilə qalmayacağıq”.