Uşaqlar Günü ilə bağlı Qarabağa səfər təşkil olundu — Foto
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Avrora Qrup” ənənəvi “Azərbaycanı tanıyaq” layihəsini həyata keçirib. “Qafqazinfo” xəbər verir ki, şirkətin “Sosial-ictimai məsuliyyət” dəyərinə əsaslanan tədbir çərçivəsində “Nur” uşaq evi və sığınacağında məskunlaşan uşaqlar üçün Azərbaycanın mədəni-tarixi mərkəzlərinə xüsusi səfər təşkil olunub. Bu il layihənin marşrutu Qarabağ bölgəsini əhatə edib. Səfər zamanı uşaqlar Şuşa və Xankəndi şəhərlərində yerləşən tarixi abidələrlə tanış olub, regionun zəngin mədəni irsi haqqında məlumat alıblar. Tədbirin əyləncə hissəsində uşaqlar Cıdır düzündə vaxt keçirərək müxtəlif oyunlarda iştirak ediblər. Səfər proqramı Xankəndi şəhərində təşkil olunmuş xüsusi nahar və uşaqlar üçün hazırlanmış şou-əyləncə proqramı ilə tamamlanıb. Məlumat üçün bildirək ki, “Azərbaycanı tanıyaq” layihəsi “Avrora Qrup”un korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri olub, uşaqlarda vətənpərvərlik hisslərinin gücləndirilməsinə, onların ölkəmizin tarixi və mədəni irsi ilə yaxından tanış olmasına xidmət edir. Qeyd edək ki, “Avrora Qrup” 2026-cı ilin korporativ sosial məsuliyyət proqramında uşaqlara xüsusi yer ayırıb. Şirkət il ərzində bu istiqamətdə silsilə tədbirlər həyata keçirməyi planlaşdırır. Təşəbbüsün əsas məqsədi gələcəyimiz olan uşaqların üzündə təbəssüm yaratmaq, onların hərtərəfli inkişafına töhfə vermək və müxtəlif istiqamətlərdə davamlı dəstək göstərməkdir. Şirkət fəaliyyəti boyu sosial məsuliyyət prinsipinə sadiq qalaraq cəmiyyətin müxtəlif təbəqələrinə, xüsusilə də uşaqlara dəstək məqsədilə mütəmadi olaraq xeyriyyə və maarifləndirmə layihələri həyata keçirir.

Şərh verin