Qarakeçdidə həyətlərin su altında qalması ilə bağlı açıqlama — Video

Aramsız yağışlar Ağcabədinin Qarakeçdi qəsəbəsində həyətləri su altında qoyub. “Qafqazinfo” xəbər verir ki, Laçından olan keçmiş məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə ciddi problemlər yaranıb. Sakinlərin sözlərinə görə, güclü yağıntılar nəticəsində həyətlər sel və qrunt suları ilə dolub, yaşayış şəraiti çətinləşib. Bununla bağlı aidiyyəti qurumlara məlumat verilsə də, problem hələ də tam aradan qaldırılmayıb. Mövcud vəziyyətlə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları cəlb olunub. Hazırda FHN əməkdaşları növbəli şəkildə qəsəbədə sel və qrunt sularının həyətlərdən çəkilməsi işlərini davam etdirirlər. Vətəndaşlar problemin qısa zamanda həll olunacağına ümid etdiklərini bildirərək, aidiyyəti qurumlardan əlavə tədbirlərin görülməsini xahiş edirlər. Məsələ ilə bağlı Laçın Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, ərazidən suyun kənarlaşdırılması istiqamətində iş aparılır: “Cari ilin may ayında, xüsusilə may ayının üçüncü ongünlüyündə ölkəmizin əksər şəhər və rayonlarında olduğu kimi Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü ərazisinə düşmüş aramsız leysan yağışları nəticəsində ərazidəki nisbətən çökək ərazidə yerləşən 245 ailəlik məcburi köçkünlər qəsəbəsində səth sularının çoxalması və qrunt sularının yer səthinə qalxması nəticəsində subasma halları baş vermişdir. Bununla əlaqədar olaraq dərhal Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin məsul əməkdaşları Laçın Rayon Fövqəladə Hallar Komissiyasının rəhbərliyi ilə birlikdə ərazidə olmuş, mövcud vəziyyətə baxış keçirilmiş, baş vermiş təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılmışdır. Hazırda FHN-in Qarabağ Regional Mərkəzinin əməkdaşları xüsusi texnikalarla ərazidə toplanmış su kütlələrinin yaşayış massivindən kənara axıdılması üçün gərgin iş aparırlar”. FHN Mətbuat xidməti ndən isə qeyd edilib ki, yağan intensiv yağışlar nəticəsində Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrinə suyun dolması ilə əlaqədar nazirliyin Qarabağ Regional Mərkəzinin qüvvələri tərəfindən su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri görülür. Ziya Əmirxanlı