Türkiyədə ürəkdağlayan qəza: Ata və 9 aylıq oğlu həlak oldu - FOTO

Xəbər verdiyimiz kimi, günlər əvvəl Türkiyənin Dənizli vilayətində sərnişin avtobusunun qəzaya uğrayaraq alovlanması nəticəsində 8 nəfər həyatını itirib. Milli.Az xəbər verir ki, hadisə ilə bağlı təfərrüatlar məlum olub. Antalya istiqamətində hərəkət edən avtobusda həyat yoldaşı Sevda Şen və 9 aylıq oğlu ilə birlikdə olan Civan Şen yanğın zamanı pəncərəni sındıraraq həyat yoldaşını xilas etməyə nail olub. Lakin yaranan çaxnaşma səbəbindən özü və körpəsi avtobusdan çıxa bilməyərək alovların içində həlak olublar. Hadisədə həyatını itirənlər arasında illər əvvəl vəfat etmiş yaxınlarının məzarını ziyarət etməyə gedən ana və qız, eləcə də universitet imtahanlarına və məzuniyyət mərasiminə yollanan tələbə Zehra Eyiol da var. Məlumata görə, qəzadan təxminən 20 dəqiqə əvvəl avtobus texniki nasazlıq səbəbindən yol kənarında saxlanılıb. Sürücünün ailəsi isə onun ürək tutması nəticəsində həyatını itirdiyini iddia edir. Qəza nəticəsində 8 nəfər ölüb, 33 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Faktla bağlı araşdırma davam edir. Fidan Milli.Az