Fuad Çıraqov Gürcüstanda təhsil məsələləri üzrə müşavir oldu

Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsinə yeni təyinat olub. “Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə Fuad Çıraqov gətirilib. O, bu təyinatadək Azərbaycan Respublikası Təhsil İnstitutunda direktor müavini vəzifəsində çalışıb. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində, eləcə də Cənubi Qafqaz Tədqiqatlar Mərkəzində müxtəlif vəzifələrdə çalışıb, ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub. F. Çıraqov Bakı Dövlət Universitetinin Tarix fakültəsini bakalavriat və magistratura səviyyələri üzrə bitirib. Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində ABŞ-nin Kolumbiya Universitetində də sosiologiya ixtisası üzrə magistratura təhsili alıb. Xatırladaq ki, Azərbaycanın bəzi səfirliklərində Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini, Azərbaycan vətəndaşlarının xarici dövlətlərin təhsil müəssisələrində təhsil almasına və təhsil hüquqlarının müdafiəsinə dəstək verilməsini, eləcə də bu istiqamətdə müvafiq əlaqələndirməni təmin etmək məqsədilə təhsil məsələləri üzrə müşavirlər fəaliyyət göstərir.