Azərbaycan-Qırğızıstan İşgüzar Şurasının tərkibi formalaşdırıldı

Azərbaycan-Qırğızıstan İşgüzar Şurasının tərkibi təsdiq edilib. “Qafqazinfo” xəbər verir ki, yeni platforma iki ölkənin aparıcı biznes liderlərini, investorlarını və iqtisadi institutlarını bir araya gətirərək iqtisadi əməkdaşlığın inkişafına xidmət edəcək. Azərbaycan tərəfdən Şurada “Cahan Holding”in Prezidenti Vüqar Abbasov, “BBG Energy”nin İdarə Heyətinin Sədri Mehrəli Qasımov, “Evrascon” Direktorlar Şurasının Sədri İsmayıl Əfəndi İsmiyev, “Marsol Group”un direktoru Tural Mustafayev, “Fleetstock Group”un Baş direktoru Emin Həsənli, “ATL Tech” şirkətinin direktoru Anar Əliyev, “ESDGoals” təşkilatının təsisçisi Elmir Məmmədli və digər tanınmış biznes nümayəndələri təmsil olunurlar. Qırğızıstan tərəfdən isə Şuraya Qırğız Respublikasının Ticarət-Sənaye Palatasının Prezidenti Temir Sarıyev, Qırğız Respublikası Nazirlər Kabineti yanında Biznes və İnvestisiyaların İnkişafı Şurasının nümayəndəsi Ulukbek Kıdırbayev, Qırğızıstan Külək və Günəş Elektrik Stansiyaları Assosiasiyasının sədri Kunduz Kırbaşeva, “DataLab” şirkətinin təsisçisi və baş direktoru, Şuranın Qırğızıstan tərəfdən həmsədri Gülnura Toraliyeva və digər işgüzar dairələrin nümayəndələri daxildir. İşgüzar Şuranın əsas məqsədi Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin təşviqi, sənaye, enerji, kənd təsərrüfatı, logistika, tikinti, turizm və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsidir. Şura çərçivəsində biznes forumlarının, investisiya missiyalarının, B2B görüşlərin və birgə layihələrin təşkili planlaşdırılır. Təşəbbüs Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi əlaqələrin yeni mərhələyə yüksəlməsinə, Türk dünyasında biznes inteqrasiyasının güclənməsinə və özəl sektorlar arasında uzunmüddətli tərəfdaşlıqların formalaşmasına mühüm töhfə verəcək.