100 yaşa qədər yaşamağın sirri bu İMİŞ

Uzunömürlülüyü ilə tanınan İtaliyanın Sardiniya adasında sağlam həyatın sirri kimi qidalanma vərdişləri və güclü sosial əlaqələr göstərilir. Milli.Az xəbər verir ki, "Mavi Zona" kimi tanınan Sardiniyada yaşayan insanların əhəmiyyətli hissəsi 100 yaşdan çox ömür sürür. Mütəxəssislər bunu əsasən təzə və mövsümi məhsullara əsaslanan qidalanma, aşağı stress səviyyəsi və möhkəm ailə bağları ilə əlaqələndirirlər. Sardiniyada böyüyən aşpaz Françesko Mattana bildirib ki, adada yemək sadəcə qidalanma vasitəsi deyil, həm də insanları bir araya gətirən mühüm sosial ənənədir. Onun sözlərinə görə, ailələr məhsulları birlikdə hazırlayır və böyük süfrə arxasında paylaşırlar. F.Mattana qeyd edib ki, uşaqlıq illərində balıqçı və fermer olan babaları sayəsində daim təzə balıq, tərəvəz və digər təbii məhsullarla qidalanıb. O, xüsusilə çiy tərəvəzlərin Sardiniya mətbəxində mühüm yer tutduğunu vurğulayıb. Mütəxəssislərin fikrincə, təzə və təbii qidaların üstünlük təşkil etdiyi qidalanma sistemi, güclü sosial münasibətlər və sadə həyat tərzi uzunömürlülüyün əsas amilləri sırasındadır. Qeyd edək ki, "Mavi Zona" anlayışı insanların daha uzun və sağlam yaşadığı bölgələri ifadə edir. Dünyada rəsmi olaraq qəbul edilən beş Mavi Zona Yaponiyanın Okinava bölgəsi, Kosta-Rikanın Nikoya yarımadası, Yunanıstanın İkariya adası, ABŞ-nin Loma Linda şəhəri və İtaliyanın Sardiniya adasıdır. Mina Mikayılova Milli.Az