“Gənclər özlərini çox şey hesab edirlər, elə bilirlər, professordurlar” — Videomüsahibə
Həftələrdir planlaşdırdığımız müsahibə hər dəfə gözlənilməz səbəblərdən təxirə düşürdü. Telefonda “bu dəfə mütləq görüşərik” desək də, alınmırdı. Nəhayət, uzun yazışma və zənglərdən sonra müsahibə baş tutdu. Uşaqlıqdan bəri izlədiyim filmlərdə məni güldürən, düşündürən, bəzən də kövrəldən obrazların sahibi bu dəfə qarşımda əyləşmişdi. Söhbətə başlamazdan əvvəl həyəcanlı idim. Lakin ilk dəqiqələrdən hiss olundu ki, həmsöhbətim təkcə illərin sənətkarı yox, həm də olduqca səmimi və ünsiyyətcil bir insandır. Danışdıqca illərdir ekranlardan tanıdığım aktrisa mənim üçün daha doğma bir simaya çevrilirdi. “Qafqazinfo”nun budəfəki qonağı Azərbaycan səhnəsində uzun illərdir özünəməxsus obrazları ilə yadda qalan 73 yaşlı Xalq artisti Xalidə Quliyevadır: - Necəsiniz, Xalidə xanım? Gününüz adətən necə keçir? - Çox şükür, yaxşıyam. Hər günüm fərqli keçir. Əlbəttə ki, hər gün evdə görməli olduğum işlərlə məşğul oluram, filmlərə baxıram, mütaliə edirəm. Bununla yanaşı, tədbirlərə gedirəm, efirə çıxıram. Balalarım, nəvələrim, həyat yoldaşım, qohum-əqrəba... Qohumcanlı insanam. Hamıdan xəbərim var. Hamıya böyüklük etməyə çalışıram. - Aktiv həyat tərzi keçirirsiniz. - Bəli, bəli. Kino İttifaqımızın idarə heyətinin üzvüyəm. Tez-tez toplaşırıq, görüşlərimiz olur. - Çox istiqanlı insansınız. Eyni zamanda həm qohumlarla, həm də dostlarla sıx əlaqə saxlayırsınız. Bu gün sənət dostlarınızdan ən çox münasibət saxladığınız, belə deyək, görüşdüyünüz, birlikdə zaman keçirdiyiniz kimlər var? - Mənim ən böyük dostum kinomdur. Mən vaxtımın çoxunu filmlərə, seriallara baxmaqla keçirirəm. Ən yaxın dostum özüməm və ailəmdir - qızım, həyat yoldaşım, nəvələrim, ən çox onları istəyirəm. Ona görə də onlar mənim dostlarımdır. Amma əlbəttə ki, çox sevdiyim, hörmət etdiyim insanlar da həddindən artıq çoxdur. Çalışıram ki, hamı ilə görüşəndə sevgimi bölüşüm. Bu gün insanlara, dünyaya ən çox lazım olan şey sevgidir. İnsanların bir-biri ilə səmimi ünsiyyətidir. Dünyada bundan qiymətli heç nə yoxdur. - Xalidə xanım, adınız gələndə izləyicilər ən çox “Nəsimi” filmini xatırlayır. Amma mənim ən çox sevdiyim film “Xoşbəxtlik qayğıları”dır. Çünki biz üç bacı olmuşuq və uşaqlıqdan anamız o filmi bizə bir növ tərbiyə nümunəsi kimi göstərib. Oradakı qızların, bacıların bir-birinə münasibəti, əşyalarını bir-biri ilə bölüşməsi... Tərbiyəvi bir film idi. Amma təəssüflər olsun ki, indi belə filmlər demək olar, çəkilmir. Bir qədər həmin filmdən və onun izləyicilərə ötürdüyü mesajlardan danışaq. Bu gün niyə belə filmlər yoxdur? - Bu gün, bəli, o cür filmlərə böyük ehtiyac var. Çünki kino ilk növbədə sənətdir. Mədəniyyətimizin, incəsənətimizin bir növüdür. Mənəviyyatımızın tərkib hissəsidir. Kino kimi böyük təbliğ və təsir vasitəsi heç bir sənətdə yoxdur. Kino bizi bir xalq kimi dünyada tanıda bilən bir vasitədir, sənət növüdür. Bu filmi rəhmətlik Həsən Seyidbəyli - ssenari müəllifi də özü idi - çəkməyə başlayanda, yəni ansamblı, komandanı yığanda məni də Kino İttifaqına dəvət elədi. Mən artıq “Nəsimi”də çəkilmişdim. Dedi ki: “Xalidə, sənin üçün bir rol yazmışam. Adını da Xalidə qoymuşam”. Mən bunun dəyərini indi daha çox anlayıram, nəinki o zaman. Elə bilirdim ki, elə də olmalıdır. Amma bu gün baxıram ki, bu mənim həyatımda növbəti bir şans imiş. Həsən Seyidbəyli kimi bir insanın mənim üçün - 21 yaşında bir qız üçün rol yazması və məni filmə çəkməsi çox böyük şans idi. Mən, ümumiyyətlə, şanslı olmuşam. Müəllimim də Adil İsgəndərov olub. İlk filmim Tofiq Tağızadədə, sonra Həsən Seyidbəylidə, Rasim Ocaqovda, Muxtar Dadaşovda, Hüseyn Mehdiyevdə, Elxan Cəfərovda olub... Sadəcə bu, şansdır. - Böyük sənətkarlar... - Bəli, bəli. Böyük sənətkarlar. Mən institutu oxuyanda təhsil almağa vaxt tapmırdım. İnstituta daxil olan kimi filmlərə dəvət almağa başladım. Demək olar ki, sənətimə çəkiliş meydançasında yiyələndim. - O, həmin rolda sizi gördü və adınızı da obraza qoydu. Həqiqətən də o Xalidə sizsiniz? - Bəli, kimdir ki? Mənəm. Orada bir səhnə var. Bütün bacılar danışır, hərəsi bir söz deyir. Həmin anda Xalidə bir kəlmə işlədir: “İşığı söndürün”. Yəni susun. Buraxaq taleyin axarına. Bir az müdrik yanaşaq, bir az uzaqdan baxaq hadisələrə, bir az düşünək. Çünki hər şey düşüncədən yaranır axı, qızım. Bax, mən də beləyəm. - Xalidə xanım, elə suallarımdan biri o olacaqdı ki, hansı obraz sizə daha yaxın olub, özünüzü hansı obrazda görmüsünüz? Elə başa düşdüm ki, bu, Xalidə obrazı olub. - Xalidəyə oxşayıram, amma mənim üçün ən yaxın obraz “Nəsimi”də canlandırdığım Fatimədir. Mənim xarakterimə də uyğundur. Çünki fikir verin, mənim “Tütək səsi”ndə Millimdir, etirazçı, sözünü deyən, fikrini qorxmadan söyləyən. Yəni mənim idealım o cür adamlardır. Ona görə mən onları ləzzətlə oynamışam. Amma Xalidədə də özümü oynamışam. Mən tərəzi bürcündənəm axı. Hər şeydə ocağa su səpən, sakitləşdirən, qalmaqal sevməyən biri olmuşam. Həmişə deyirəm, kaş mən qoç olaydım, ya nə bilim, davakar bir bürc olaydım ki, mən də içimdəkiləri boşaldaydım. Yığılıb, dolub qalıb orada. - İnanırsınız bürclərə? Baxıb izləyirsiniz? - Yox, izləməsəm də, inanıram. Görürəm tərəziyəm də, neyləyim? Tərəziyəm. Hər şeyi tarazlaşdırmağa çalışıram. - Bayaq söhbət zamanı dediniz ki, özünüzü şanslı insan hesab edirsiniz, o cür sənətkarlardan dərs almısınız, onların çəkdiyi filmlərdə rol almısınız. Bu gün gənclər arasında xüsusilə bir ifadə var - “manifestləmək”. Belə şeylərə münasibətiniz necədir? - Haradasa eşitmişəm bu sözü. Bu yeni yaranan sözlərlə dostluğum yoxdur. - Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsal bazası kimi bərpa olunmaması sizin üçün həssas mövzudur. Bu məsələ ilə bağlı danışaq. - Muğam Mərkəzinə getmişdik, tədbir var idi. Cavan aktyorlar da gəlmişdilər ora. Biri yaxınlaşıb mənə bir söz dedi. Adını çəkməyəcəyəm, çünki o söz məni çox ağrıtdı: “Xalidə xanım, siz o cür filmlərə çəkilmisiniz. İndi təkcə mən yox, başqa aktyorlar da var. O filmlər tarixdə qaldı. Azərbaycan kinosunun adı gələndə onlar yada düşür. Bəs biz? Biz hara düşəcəyik? Biz necə olacağıq?” Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası var idi və böyük bir istehsal bazası idi. Bütün filmlər dövlət sifarişi ilə çəkilirdi. İndi prioritet verilib özəl şirkətlərə, özəl film istehsalçılarına. Prodüser mərkəzləri yaranıb, düzdür? Prioritet buna verilib. Mənə elə gəlir ki, kino - bayaq da dediyim kimi - bizi təbliğ edir. Bir xalq kimi, bir coğrafiya kimi. Ona görə də düşünürəm ki, kino yenə də dövlət nəzarətində olmalıdır. Dövlət qayğısı mütləq olmalıdır. O boyda kinostudiyanı istehsal bazası kimi yenidən bərpa etmək lazımdır. Yolu budur. Başqa yolu yoxdur. Çünki vaxtilə ulu öndərimiz Heydər Əliyev maddi-texniki bazanın yenilənməsi üçün Moskvaya müraciət edir. Yeri gəlmişkən, deyim ki, həmin dövr bizim kinomuzun “qızıl dövrü” adlanır. Valyuta hesabına bizdə təmir işləri aparılır, texniki avadanlıqlar gətirilirdi. Mənim telefonumda var, hətta baxa-baxa sizə saya bilərəm ki, o dövrdə bizim kinostudiyada nələr var idi. Yəni bizim gücümüz yoxdur onu bərpa etməyə? Deyərsiniz ki, zaman başqadır, yanaşma başqadır. Amma niyə Özbəkistanda pavilyonda Səmərqənd şəhərinin dekorasiyasını qururlar? Təkcə bir küçəni yox ha, bütöv Səmərqənd şəhərini qururlar. Bu dəqiqə video paylaşmışdılar. Özbəkistan kinostudiyası fəaliyyət göstərir, Tacikfilm fəaliyyət göstərir, Barrandov var, Mosfilm var. Bunların hamısını araşdırmışam, baxmışam. Hamısı fəaliyyət göstərir. Biz də onu bərpa etməliyik. Yenidən bərpa olunmalıdır. - Siz necə düşünürsünüz, bərpa olunmamasının səbəbi nədir? - Çünki onun yiyəsi olmalıdır - dövlət. Yəni dövlət nəzarətində olsa, şirkətlərlə, dünya studiyaları ilə əlaqələr yaranar, festivallar keçirilər. Oskar nominasiyası, Kann festivalı və digər beynəlxalq platformalarla əməkdaşlıq qurular. Onlarla əlaqə yaradıb filmlərimizi təbliğ etməliyik, göstərməliyik. Bunun altı o qədər doludur ki... İlk növbədə peşəkarlıq lazımdır. İndi kino çəkirlər. Amma kino çəkilməməlidir, kino yaradılmalıdır. Bu, yaradıcı prosesdir. O sənətçi ki, kinonu yaradır, öz ruhunu ora xərcləyir. Onun “mən”i orada üzə çıxmalıdır və bu gün o “mən”in mövqeyi görünməlidir. Nəyə qarşıdır? Nəyin tərəfindədir? Onda kino ola bilər. Mənim cavanlara tövsiyəm budur: kino çəkməyin, kinonu yaradın. Kinonu sənətə çevirən adamlar olub - Bunuel, Qodar, Fellini, Viskonti, Antonioni, Tarkovski, Akira Kurosava... Onlar kinoya gəldilər və kinonu sənətə çevirdilər. - Sizcə, bu gün çəkilən filmlərdə əsas problem nədədir, ssenari, maliyyə, yoxsa yanaşma? Son illərdə 1-2 milyon pul xərclənib çəkilən filmlər var, amma sosial şəbəkələrdə rast gəldiyimiz tamaşaçı müzakirələrində narazılıqlar görürük. - Peşəkarlıq, istedad, zəhmətsevərlik... Bir də ki, uyğun şərait olmalıdır. İstehsal bazası olmalıdır. Sən gedirsən, özəl şirkətlə bir məkan götürürsən, deyirlər: “Tez olun, ikisaatlıq veriblər bu yeri bizə, çəkməliyik”. Belə kino yaranmaz. O vaxt “Xudsovet”- Bədii Şura var idi. Orada bilirsiniz kimlər otururdu? Ramiz Rövşən, Nadejda İsmayılova kimi kino biliciləri. Film çəkildikdən sonra əvvəlcə o şuradan keçməli idi. Yəni bədii şəkildə yaradılmış filmi birbaşa sosial şəbəkəyə çıxarmaq... Əlbəttə, indi çıxarırlar, camaat da baxır. Baxmalıdır da, sözünü də deməlidir. Amma ilk növbədə o film həmin ələkdən keçməlidir. Kinonu bilən, kinonun nə olduğunu anlayan insanların ələyindən keçə bilsə... Problem də ondadır ki, oradan keçə bilmir. Sosial şəbəkədə isə hamı baxır. Həqiqətən də yaxşı aktyorlarımız var: Ayşad Məmmədov, Rasim Cəfərov, İlqar Cahangir, Səmimi Fərhad... İşlərini də, özlərini də bəyənirəm. Onların sənətə olan münasibətini, peşələrinə yanaşmalarını sevirəm. Hamı özünü oynayır, özünü ortaya qoyur. Nə qədər özünü orada qoya bilirsənsə, nə qədər sevirsənsə rolunu, o qədər yaxşı alınır. - Amma sosial şəbəkələr böyük rol oynayır. İstənilən məsələnin müzakirəsinə təsiri var. Hətta bir çox hadisələr sırf sosial şəbəkədə müzakirəyə çıxarıldığı üçün həllini tapır. - Biz xalq olaraq canıyananıq. Hər şeyə ürəyimiz yanır. - Xalidə xanım, son çəkilən filmlərə dəvət almısınız heç? -Qoy yadıma salım. Dünən yediyim bu gün yadımdan çıxır. Dəvət almışam, bəli. Amma getməmişəm. - Nəyə görə? - Filmin adını çəkməyəcəyəm. Qarabağ mövzusunda idi. Mənə şəhid anası obrazı həvalə olunacaqdı. Azad olunmuş torpaqlarımıza getməli idik. Çox şükür ki, artıq gedə bilirik. Filmdə ana gedib oğlunun qəbrini tapır və fəryad edir. Mən dedim ki: “Mən bu rolu oynaya bilmərəm. Mən bunu yaşamalıyam”. Belə də dedim rejissora. Dedim: “Amma yaşasam, mən orada ölərəm. Mənə də olmaz, problemlərim var”. Ona görə dedim ki, gedə bilmərəm. Mən tamaşaçını aldada bilmərəm. Çünki o elə bir mövzudur ki... Mən hələ də Şuşaya getməmişəm. - Gedə bilmirsiniz? - Gedə bilmirəm. - Nə vaxtsa gedəcəksiniz? - Nə vaxtsa gedərəm. Bilirsiniz niyə gedə bilmirəm? Otuz il gözlədiyimə görə... - Xalidə xanım, sizi yenidən efirdə görmək üçün necə bir obraz olmalıdır? Sizə hansı obraz təklifi gəlsə, deyərsiniz ki, “Hə, bax mən bu filmdə oynayaram? ” - İlk növbədə ssenari. Rejissor bilməlidir nə çəkir, niyə çəkir və necə çəkir. Konsepsiyası, strategiyası aydın olmalıdır. Bunların hamısı aydın olsa və mən başa düşsəm ki, burada olmalıyam, çəkilə bilərəm. Mən göylə gedən adam deyiləm. Hazırda milli qəhrəmanımız İbad Hüseynovun anası obrazına çəkilirəm. Artıq bir-iki epizod çəkilib. Bu gün filmlərin çəkilməsi maddiyyata görə uzun zaman aparır. Hə, bax o filmə ürəklə getmişəm. Milli qəhrəmanımız haqqında avtobioqrafik film olacaq. Bu mənə çox xoşdur, fərəhlənirəm. - Aktyorların, aktrisaların müsahibələrində adətən belə bir fikir olur: “Elə bir obraz var, onu hələ oynamamışam, çox istəyərdim canlandırım”. Sizin üçün də elə bir obraz qalıbmı? - Bəli, elə bir obraz var. Mən Janna Darkın dəlisiyəm. Onu səhnədə oynamaq istəyirdim. Jan Anuyun belə bir pyesi var idi, alınmadı. Mən bir şeyi anlamışam ki, həyatdan çox şey istəmək lazım deyil. Bəzən heç istəmədiyin halda elə bir şey alınır ki, sən onu heç düşünməmisən. Özünü yükləyib, həyatını, ömrünü zəhərləyib, əsəbiləşib, düşünüb yaşamaq lazım deyil. Mən hüzuru sevirəm. - Filmlərdən danışmışkən, indi müxtəlif platformalar var. Azərbaycanda da yaradılıb, məsələn “KinoBiz”, dünyada isə “Netflix” kimi məşhur platformalar fəaliyyət göstərir. Siz özünüz orada filmlərə baxırsınız? - Hazırda “Klan Soprano” serialına baxıram. Sizə də onu məsləhət görürəm. Dünyanın ən uğurlu seriallarından biridir. Oğlum, nəvəm mənə link atırlar, mən də girib baxıram. Pul ödəyib heç nəyə baxmıram. Qənaətciləm. Özüm başqa yollarla tapıram. - Necə düşünürsünüz, belə platformaların varlığı zamanla kinoteatrların tarixə qovuşmasına şərait yarada bilərmi? İnsan evində oturur, ödənişini edir və izləyir. - Bəli. İndi konsertlər olur, dəvət edirlər, reklam olunur. Deyirəm, neyləyəcəyəm? Açıb televizorda baxacağam da. Bu məsələdə də elədir. İnsan oturub çayını, kofesini içə-içə filmə baxacaq. Təəssüflər olsun ki, bu gün biz maddiləşmiş zamanda yaşayırıq. Hər şey gəlib pula dirənir. İstər sağlamlıq olsun, istər təhsil... Bunu böyük ağrı ilə deyirəm ha. Məncə, belə olmamalıdır. Çünki bir təhsil var, bir də səhiyyə - onlar pulsuz olmalıdır. Mütləq pulsuz olmalıdır. Elə adam var ki, imkanı yoxdur gedib KT etdirsin, tomoqrafiya etdirsin, ya qan analizləri versin. Çünki dövlət insan üçündür. İstədiyimi deyə bilmirəm, axı hər şeyi də demək olmur. Mən yenə qayıdıram ki, biz kinonu yenidən yaratmalıyıq, bərpa etməliyik. Həmin o bərpa ancaq dövlət tərəfindən mümkündür və bu, böyük maliyyə tələb edir. O maliyyə tapılmalıdır. Mən istərdim ki, bizim gənclərimiz, bu gün kinoya gələn cavanlarımız nəzəriyyəni bilsinlər, kino tarixini öyrənsinlər. O keçilən yolları bilsinlər ki, haradan başlamışıq, haraya gəlmişik. Onlar elə bilirlər ki, kino indi başlayır. Yox, kino indi başlamır. Kino bizdən əvvəl başlayıb və bizim çox gözəl ənənələrimiz var. Biz o ənənələri davam etdirməliyik. Bizim filmlərimiz doğrudan da vaxtilə dünyada sözünü deyə bilən filmlər olub. Amma bu gün... Çünki hər şey maddiləşib. Ruh yoxdur, mənəviyyat yoxdur. Tələskənlik var və bir də bayaq dediyim kimi, peşəkarlıq çatışmır. Təhsil lazımdır, öyrənmək lazımdır. Öyrənmək heç vaxt gec deyil. Mən özüm də bu gün öyrənirəm. - Xalidə xanım, son bir-iki ildə çox sayda sənət adamlarını itirdik. Onlardan biri də Xalq artisti Rasim Balayev idi. Onunla bağlı yaddaşınızda qalan ən təsirli xatirə hansıdır? - Xatirədən çox mən kinomuzun vəziyyətinə ağlayıram. Ona görə ki, bizim kinomuz Rasim Balayevi itirdi. Şəfiqə Məmmədovanı itiririk. Zərnigar Ağakişiyevanı itiririk. Zemfira Sadıxovanı itiririk. Və elə mənim özümü də... 30 ildən artıqdır Rasim Balayeva bir ssenari yazan tapılmadı? Axı onun fakturası, istedadı... Sözü demək olur, amma onu hamı yeridə bilmir. Rasim ağzını açan kimi sən onun təsirinə düşürdün. Mən bağışlamıram kinomuzu, ona görə ki, onun kimi bir aktyoru çəkmədik. Rasim Balayevin dünyasını dəyişməsi mənim üçün bu gün də inandırıcı gəlmir. Azərbaycan kino tarixinin kitabı bağlandı. Rasim Balayevlə tərəf müqabili olmaq mənim üçün çox böyük şərəf idi. Və biz o filmə elə-belə yanaşmırdıq. Biz o filmi yaşayırdıq. Mənə elə gəlirdi ki, həqiqətən mən Fatiməyəm, o isə Nəsimidir. O cür səmimiyyət, o cür təbiilik, o cür yanaşma var idi işə. Mən düşünürəm ki, o filmin sevilməsinin və bu gün də baxılmasının ən böyük səbəbi məhz budur - orada səmimiyyət var. Orada doğrudan da ruh var, can var. Hər birimiz öz ürəyimizi o filmə qoymuşuq. - Necə düşünürsüz, xaricdə yaşamış olsaydınız, karyeranız fərqli ola bilərdi? Çünki xaricdə olan aktyorlar daha çox imkanlara sahibdir. - Nəvəm də, oğlum da xaricdədir. Balaca nəvəm də getməyə hazırlaşır. Dedim, sən də get, daha məni öldürün də. Dünən o qədər ağlamışam... Çıxıb gedirlər. Bəs mən neyləyim? Mən də vətənimi qoyub gedə bilmirəm. - Yaşlandıqca insan yurduna daha bağlı olur. - O vaxt getmək şansı var idi, Moskvaya da, Avropaya da. Mən getmədim. Bacı-qardaşlarım buradadır. Mən iki aydan artıq qala bilmirəm. Tarixim var burada, mənim ideallarım var. - Sosial şəbəkələrdən, xüsusilə feysbukdan aktiv istifadə etdiyinizi görürəm. Digər sosial şəbəkələrdə də varsınız? - İnstaqramım var idi. Nəsə getmirəm ora. Daha çox feysbukda paylaşımlar edirəm. - Sosial şəbəkələrdə xüsusilə qısa videolar paylaşılır. Həmin videoları izləmək sanki insanlarda bir az hövsələsizlik yaradır. - Mən uzun statuslar oxuyuram. Çünki orada status yazan adamın içi açılır da. Yaxud görürsən, bir cümlə qoyur, bir söz yazır, o qədər dərin məna daşıyır ki, artıq çox informasiya verir insana. Qoy yadıma düşüb deyim: keçən il, Yeni il qabağı Ramiz Həsənoğlu məni “Yepyeni il” adlı 50 dəqiqəlik filmə dəvət elədi. O mənə o qədər stimul verdi...Orada çəkiləndə də ləzzət aldım. Cahangir Novruzovla tərəf müqabili olmaq bir gücdür, bir enerjidir. Aktyorda mütləq tərəf müqabilin enerjisi olmalıdır, o səni də rahatlaşdırır, sən də ona qoşulursan. Çox maraqlı idi. Hətta öz səhnəmi, taksiyə minib düşənə qədər olan hissəni, kəsib sosial şəbəkədə qoymuşdum. 14 dəqiqəlikdir. Baxıblar da. Amma uzun videodur. Evdə deyirlər “uzun qoyma videonu”. Deyirəm, baxan baxır, baxmayan baxmır. Mən qoyacağam. Bilirəm ki, telefonuma nəsə olsa, feysbuk silinmir, onu bərpa eləmək olur. - Arxiv kimi istifadə edirsiniz bir növ. - Bəli. Məsələn, mən “TikTok”u qətiyyən sevmirəm. Elə şeylərdən özümü təcrid etmişəm. Girirsən, görürsən ki, işləri-gücləri yoxdur, nəsə... Sevmirəm. - Orada sizə xoş gəlməyən nədir? - Sən layiq olasan ki, nəsə deyəsən də. Özünəgüvən o qədər çoxalıb ki, adamlarda... Elə bilirlər ki, dünyanı bunlar yaradıb. Yəni olanı da, olmayanı da qoyurlar ora. Nə bilim, mən bəyənmirəm. Mən heç nə demirəm, tənqid də etmirəm, sadəcə baxmıram. - Tərbiyədə də böyük rol oynayır bu platformalar. - Hər şey evdə qoyulan tərbiyədən asılıdır. Bizdə də uşaq var, 15 yaşındadır. Baxmır, “TikTok”la işi yoxdur. - Yəni ailə tərbiyəsi sağlam olsa, mühit təsir etməz tərbiyəyə? - Edə bilər. Ramiz Rövşənin dediyi kimi: “İndi uşaqlar ailəsindən daha çox ətraf cəmiyyətə oxşayırlar.” Hə, 100-dən birinə, 1000-dən birinə təsir etmir. - Xalidə xanım, bir qədər gənclik illərinə qayıdaq. Həyat yoldaşınızla necə tanış olmusunuz? - Dram dərnəyində. Mən axı sənətə məktəbdən gəlmişəm. Çox sosial idim. İbtidai sinifdə gimnastikaya gedirdim, rəqsə gedirdim, mahnı oxumağa gedirdim, dərnəyə gedirdim - belə şeylərin hamısına gedirdim. Sonra 8-ci sinifdə Məmmədkamal Kazımovun dram dərnəyinə yazıldım. Şaumyan adına mədəniyyət sarayımız var idi, indi Xətai adına mədəniyyət sarayıdır, ora getdim. Ondan sonra çıxdım, 26-lar adına mədəniyyət sarayına, Xalq teatrına getdim. Ora da Lütfi Məmmədbəyov rəhbərlik edirdi. Özü də baş rollar oynayırdım. Həyat yoldaşımla tanışlığımız da elə Lütfi müəllimin dərnəyində oldu. Qarsia Lorkanın “Qanlı toy” əsərində o bəyi oynayırdı, mən gəlini. Beləcə hər şey başladı. Yaxşı ki, başladı. İstedadlı, ağıllı, mədəni... Sevdik bir-birimizi. İndiyəcən bir yerdəyik, 17 yaşımızdan. Ondan sonra İncəsənət İnstitutuna daxil oldum. İmtahanları verdim, az qalmışdı tarixdən kəsiləm. Gəlin sizə danışım. Qabiliyyətdən 5-5-4 almışdım. Hamı belə qiymət ala bilmirdi. Mən istəyirdim üç ədəd 5 alım. Rəhmətlik Müxlis Cənizadə mənə 4 yazdı. “S” hərfinin səsi belə çıxırdı deyə, dedi sənə 4 yazıram. Tarixdən Napoleonun hücumu idi sual. Heç nə yadımda deyil. Başladım özümdən uydurmağa ki, “Napoleon Rusiyaya girəndə hava çox soyuq idi, qar yağmışdı. Onların silahı az idi, rusların çox idi. Donurdular, vuruşa bilmirdilər, ona görə məğlub oldular...” Müəllim dedi: “Bir dəqiqə dur, qızım. İndi sənə yağlı iki yazaram, onda bilərsən”. Mən də baxdım, dedim: “Əgər mənə iki yazsanız, özümü maşının altına atacağam”. Elə belə də dedim. O baxdı... Başını iki kimi elədi, sonra üç elədi. Belə daxil oldum instituta. - Xalidə xanım, bu gün də xanımların tez ailə qurması məsələsi aktualdır. Siz necə düşünürsünüz, qızlarımız neçə yaşında ailə qurmalıdır? - Belə mövzulara mən bir az başqa cür yanaşıram. Yəni tez ailə qurub boşanan da var, tez ailə qurub ömrünün sonuna qədər birlikdə yaşayan da var. Burada bir qrafik, bir qayda-qanun, bir konstitusiya qoymaq düzgün deyil. Bir də ki, bizdə çox şeylər səhvdir, mən bunu bu gün anlayıram. Gənc oğlanla qız tanış olurlar. Nə isə onların fikirləri uyğun gəlirsə, bir müddət görüşməlidirlər, bir müddət bir yerdə olmalıdırlar, bir müddət eyni həyatı yaşamalıdırlar. Teatra, kinoya getməlidirlər, bir-birlərini tanımalıdırlar. İki-üç il yaşasınlar ki, bilsinlər, bir-birinə layiqdirlər, ondan sonra ailə qursunlar. Məncə, belə olmalıdır. - Əslində bu gün elədir. Əvvəllər qız və oğlanın tanışlığı bir növ qohumların, ailələrin vasitəsilə olurdu. Bu gün gənclərin bir-birini tanıması üçün şərait var. Bir-birlərini tanıyırlar, uzun zaman keçirirlər, amma evliliklər sanki uzun sürmür. Çox nadir hallarda uzunömürlü evliliklər görürük. Uzun evliliyin sirri sizcə nədədir? - Zaman dəyişib, hər şey dəyişib. Yediyimiz, içdiyimiz, havamız dəyişib. İnsanlar da dəyişib. Əvvəl biz bir Moskvanı tanıyırdıq, elə bilirdim dünya Moskvadan ibarətdir. İndi isə bütün dünyadan xəbərimiz var. Gənclərə nəsihətim odur ki, bir-birilərini yaxşı tanısınlar. İlk növbədə sevgi var. Bir də hər insanın xarakterindən, tərbiyəsindən, “mən”indən çox şey asılıdır. Ailə qurmaq bilirsiniz nədir? Hər dəfə ocaq yananda sən su səpirsən - kompromislə doludur ailə həyatı. İndi deyirsən ki, kaş mən kompromisə getməzdim, kaş başqa həyat qurardım. Amma bilmirsən, o başqa həyatda nə olacaq. Əvvəldən bilmək olmur. Cavanlara bircə onu deyirəm: ağıllı olsunlar. Nə edirlərsə etsinlər, min ölçüb bir biçsinlər. - Xalidə xanım, siz özünüz də həyat yoldaşınızla sənət adamısınız. İncəsənətlə, mədəniyyətlə maraqlanan, məşğul olan insansınız. Övladlarınız istəmədi bu sahəyə yönəlmək? - Nə bilim, qızımıza məsləhət gördüm mentalitetimizə uyğun müəllim olsun. Doğrudan da, insanların 90 faizi öz həyatını yaşamır axı. O da imtahan verdi, elə düşdü müəllimliyə. Amma mənə desəydiniz ki, başqa hansı sənəti seçərdiniz, mən müəllimliyi seçərdim. Uşaqları çox sevirəm. Balaca uşaq görəndə elə bilirəm bir möcüzədir - Allahın möcüzəsi. Nə qədər sərbəstdir... İstəyir qaçır, istəyir gülür, istəyir yıxılır, istəyir qışqırır. - Belə başa düşdüm ki, sizin öz istəyiniz müəllim olmaq idi, ona görə qızınızı da o sahəyə yönləndirdiniz. - Bəlkə də elə oldu. - Özünün istəyi nə idi bəs? - Özü də elə seçimini belə etdi. Uşaq idi də. Oğlumun yazmaq qabiliyyəti var, bəzən yazır. - Dediniz ki, müəllim olmaq istərdiniz. Bəs heç təklif gəlməyib? - Təklif oldu, institutu qurtaran kimi. Mən də özümə görə deyildim axı. Hərdən özümə kənardan baxmaq istəyirəm. Hərdən özüm üçün elə darıxıram ki... Deyirəm kaş qapı döyüləydi, bu qapı nə qədər adam qəbul edib, nə qədər adam gəlib, bir gün də Xalidə girəydi içəri, bir görəydim onu. - Gənc Xalidə? - Xalidə də, olduğu kimi. O vaxt olduğum kimi idim. İndi isə... Almaz olur e, belə brilyant eləyirsən. İndi brilyant deyiləm ha - yəni cilalanmış. Həyatın cilasından qaçmaq olmur axı. Elə bil ki, rektor çağırdı və dedi: “Bəs neçə filmə çəkilmisən, qal dərs de”. Sizcə mən ona nə dedim? Bayaq dediyim kimi. Dedim ki: “Mən nə bilirəm ki, uşaqlara nə öyrədəcəyəm?” Doğrudan elə idi də. Hələ mən özümü müəllim saya bilmirdim, hiss edə bilmirdim. - Amma indi olsa? - İndi də qalmazdım. Bilirsiniz niyə? Çünki indi gənclər özlərini çox şey hesab edirlər. Elə bilirlər ki, professordurlar, Viktor Hüqodurlar. Elə bilirlər ki, Katrin Dönövdürlər. Yəni o qədər ağıllıdırlar, o qədər biliklidir ki... İndi cəsarət eləməzdim. - Bayaq filmlərlə bağlı danışanda dediniz ki, son zamanlarda da belə bir təklif gəlib - şəhid anası obrazını canlandırmaq... Biz çox böyük bir müharibədən keçdik, qələbə qazandıq. Amma sanki tutarlı bir film çəkilmədi. O vaxt bizim “Tütək səsi”miz var idi. Müharibənin arxa fonunu göstərirdi, müharibəni göstərmirdi, amma onun insanların üzərindəki təsirini göstərirdi. - Kino yiyəsiz olanda belə olacaq da. 30 il bundan əvvəl itirdiyimiz torpaqların kinosu çəkildi. Bilirsiniz orada nə qəhrəmanlıqlar olub? Nə hadisələr yaşanıb? Orada kitablar yazılıb, çoxlu kitablar var. Xocalı haqqında yazılan kitablar var. Yəni hər bir hadisə bir filmdir, bir kinodur. Amma ideologiya zəifdir. O vaxt ideologiya var idi, biz 15 respublika bir yaşayırdıq, düz deyil? İdeologiya da bir idi. Bizdə bu alınmadı. - Bəlkə, çəkilər nə vaxtsa? Ümid var? -Gecikirik... Gecikirik. Artıq keçdi o boyda bir zəfər, o boyda bir tarixi hadisədir. Elə bil yeni bir tarix əkdik. Dövlət etməlidir bunu. Dövlət! Ancaq onun olmalıdır, yəni təklifi, maliyyəsi. Və ssenari oturub... Hə, hər adam ssenari yaza bilmir, ssenarist tapıb ssenari yazdırmaq lazımdır. Lap lazım olsa, xaricdən tapıb ssenari yazdırmaq və film çəkmək lazımdır. - Görürəm ki, sizdə heç bir estetik prosedur yoxdur. - Olmayacaq da. - Elə onu soruşacaqdım ki, nə vaxtsa belə prosedurlara üz tutma ehtimalınız varmı? - Yox, olmayacaq. Hərdən deyirlər gəl, belə elə, nə bilim nə... Yox. Niyə ki? Mən qocalığımı sevirəm. Alisa Freyndlix kimi, Sofi Loren kimi - bütün üzləri qırış-qırışdır. Mən onu da görmək istəyirəm. Kimin üçün edim ki, bunu? Kimin üçün? Məni belə qəbul edirlər. Qəbul etməsələr də, özüm-özümü qəbul edirəm. Özüm-özümdən razıyam. Nə olub ki, mənə? - Bu gün yaş fərqi olmadan xanımlar bu prosedurları edirlər. -O, bir faciədir. Mən onu faciə sayıram. 20 yaşlı qızlar… Şahidi olmuşam, gəlib dolğu etdirirlər. 20 yaşlı cavan qızlar… Bu, artıq xəstəlikdir. Bu, bilirsiniz nədir? Bu dəb deyilən bir şey var - istər geyim olsun, istər makiyaj, istər bu prosedurlar. Virus kimidir. Koronavirus var idi ha? Mən bunu onunla müqayisə edirəm. Bu, bir virusdur. Bir də ki, kim nə geyinir... Bəli, mənim etirazım geyimə də var, o şeylərə də var. Baxırsan, müğənnini dünən bir cür görmüsən, bu gün efirdə görürsən, üzü belə qalxıb, gözü görünmür, özü də cavandır, 40 yaşı yoxdur. Çox şeylər var da... Çıxmışam çölə, nəvəmlə, qızımla, baxıram: qız gedir - şalvarı enli, cırıq... krosovka... Nifrət eləyirəm krosovkalara! Sevmirəm. Oğlan gedir, qız gedir, bilinmir. Oğlanlar qızlara, qızlar oğlanlara oxşamağa başlayıb. Nədir bu? Qadına kabluk mütləq lazımdır, onu şıq göstərmək üçün. - Bu gün geriyə baxanda, istər sənət yolunuzda, istərsə də şəxsi həyatınızda nəyi dəyişmək istərdiniz? - Kainata görə insan ömrü heç 3 dəqiqə çəkmir. Qoy qalıb da, dəyişməzdim. Çünki elə şeylər var idi ki, mənim əlimdə deyildi. 10 yaşımda anamı, 17 yaşımda isə atamı itirdim. Əlbəttə, bunu dəyişərdim. Qoymazdım anam dünyasını dəyişsin. Amma mənim əlimdə deyil axı. Bəzi şeylər də var dəyişmək istədiyim, amma onları deyə bilmirəm. Coğrafiyamı dəyişərdim. Çünki Avropaya bir neçə dəfə getdim və orada evdən çıxırsan taksiyə ehtiyac yoxdur. Burada avtobuslarda sıxlıq var. Mən çox istərdim ki, Bakıda tramvay olsun. - Xalidə xanım, çox gözəl səs tonunuz var, çox məlahətli, qulağa xoş gələn səsiniz var. Filmlərdə də həmişə çox xoş səslənib. Bizim üçün nəsə ifa edə bilərsiniz? - Yaralı yerimə toxundun ha mənim... Müğənni olmaq istəyirdim. -Doğrudan? Mən elə sizdən mahnı istəyəcəkdim. Düşündüm bəlkə mahnı oxumazsınız. Eybi yox, dedim, hansısa filmdən monoloq da ola bilər... - Yox, qoy mahnı olsun. Doğrudan, mən uşaqlıqda müğənni olmaq istəyirdim. Bir dənə mahnı var: “Göydə ulduz, ay dolanır, yerdə gülür gül-çiçək”. Elə xoşum gəlir o mahnıdan (İfa edir). - Bu səmimi söhbət üçün sizə təşəkkür edirəm. Çox dəyərli fikirlər səsləndirdiniz. Son olaraq nə demək istərdiniz? - Mən onu demək istərdim ki, biz hər birimiz öz yerimizdə olaq. Kim hansı sahədə çalışırsa, o sahənin peşəkarı olsun, can yandırsın, ürək yandırsın. Ən əsası səmimi olaq, bir-birimizə sevgi ilə yanaşaq. Mən bayaq da dedim - dünyanı xilas edəcək şey sevgidir. Mən sizə də təşəkkür edirəm. Çox sağ olun ki, dəvət etdiniz. Bu fürsəti verdiniz ki, ürəyimdən keçənləri, fikirlərimi sizinlə bölüşüm. Lamiyə Məmmədova Foto-Video: Xəyal Vəlizadə

Şərh verin