Dənizkənarı evlər bahalaşıb: Qiymətlər 1 milyonu keçdi

Yay mövsümünün yaxınlaşması ilə dənizkənarı ərazilərdə yerləşən evlərə maraq yenidən artıb. Xüsusilə Bakıətrafı qəsəbələrdə yerləşən bağ evləri və villalar həm istirahət, həm də investisiya məqsədilə alıcıların diqqət mərkəzindədir. Əmlak bazarı iştirakçılarının sözlərinə görə, 2026-cı ildə çimərliklərə yaxın evlərin qiymətlərində ötən illə müqayisədə artım müşahidə olunur. Milli.Az -ın araşdırmasına görə, 2025-ci illə müqayisədə dənizkənarı ərazilərdə fərdi yaşayış evləri və villaların qiymətləri orta hesabla 5-15 faiz arasında bahalaşıb. Artımın əsas səbəbləri torpaq sahələrinin məhdudluğu, tikinti materiallarının bahalaşması, eləcə də sahilyanı ərazilərdə yeni turizm və infrastruktur layihələrinin həyata keçirilməsidir. Ən yüksək qiymətlər ənənəvi olaraq Mərdəkan, Şüvəlan, Bilgəh və Nardaran qəsəbələrində qeydə alınır. Hazırda Mərdəkanda 4-6 sot torpaq sahəsində yerləşən, orta təmirli bağ evlərinin qiyməti 250-400 min manat arasında dəyişir. Premium seqmentdə yer alan hovuzlu və müasir dizaynlı villalar isə 600 min manatdan başlayaraq 1 milyon manatdan yuxarı qiymətlərə təklif olunur. Halbuki 2025-ci ildə eyni tipli evlərin böyük hissəsi 220-350 min manat aralığında satılırdı. Şüvəlan qəsəbəsində də oxşar dinamika müşahidə edilir. Burada standart bağ evlərinin qiyməti hazırda 220-450 min manat arasında dəyişir. Dənizə yaxın, geniş həyətyanı sahəsi olan villaların qiyməti isə 700-800 min manata qədər yüksəlir. Ötən il eyni kateqoriyadan olan evlər təxminən 10 faiz daha aşağı qiymətə təklif olunurdu. Bilgəh və Nardaran istiqamətləri son illərdə alıcıların ən çox maraq göstərdiyi ərazilərdən biri hesab olunur. Bu ərazilərdə dənizə yaxın yerləşən evlərin qiyməti əsasən 180-500 min manat arasında dəyişir. Birinci xəttdə yerləşən və ya şəxsi çimərliyə çıxışı olan villaların qiyməti isə milyon manat həddini keçə bilir. Son illərdə xüsusilə "Sea Breeze" və ətraf ərazilərdə həyata keçirilən iri layihələr də bazara təsirsiz ötüşməyib. Bu istiqamətdə yerləşən villalar və townhouse tipli evlərə tələbat artdığından qiymətlər də yüksəlib. Əmlak bazarı iştirakçılarının sözlərinə görə, bəzi layihələrdə qiymətlər bir il ərzində 15-20 faizədək bahalaşıb. Sahilyanı ərazilərdə torpaq ehtiyatlarının məhdud olması qiymət artımını dəstəkləyən əsas amillərdən biridir. Bundan başqa, ölkədaxili turizmin inkişafı, yay mövsümündə kirayə bazarının aktivliyi və dənizkənarı evlərin gəlir gətirən investisiya alətinə çevrilməsi də bazardakı qiymətlərə təsir göstərir. Mütəxəssislərin proqnozlarına görə, yay aylarında satış bazarında aktivliyin daha da artacağı gözlənilir. Bu səbəbdən çimərliklərə yaxın ev almağı planlaşdıran şəxslərin qərarlarını gecikdirməmələri tövsiyə olunur. Çünki mövsümün pik dövründə həm tələbatın, həm də qiymətlərin daha da yüksəlməsi mümkündür. Ayxan Milli.Az