“Retro Dalğası” konsert proqramı tamaşaçılara unudulmaz anlar yaşadıb - FOTO
"Uşaq Dünyası" I Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Səda Uşaq Xoru və Vokal Sinfinin təqdimatında "Retro Dalğası" adlı konsert proqramı baş tutub. Konsertdə Azərbaycan kinematoqrafiyasının sevilən filmlərindən mahnılar, eləcə də Azərbaycan estrada və retro musiqisinin ən gözəl nümunələri səsləndirilib. Müxtəlif dövrlərə aid musiqi incilərindən ibarət proqram tamaşaçıları nostalji duyğularla zəngin musiqi səyahətinə aparıb. Gənc ifaçılar tanınmış bəstəkarların və mahnı müəlliflərinin əsərlərini böyük həvəslə təqdim edərək yüksək ifaçılıq bacarıqları nümayiş etdiriblər. Xorun təqdim etdiyi iki səsli ifalar konsertə xüsusi rəng qatıb. Səslərin harmonik vəhdəti, incə musiqi çalarlarının ustalıqla çatdırılması və kollektivin yüksək ifa mədəniyyəti tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu çıxışlar gənc xor ifaçılarının peşəkar inkişaf səviyyəsini və musiqiyə olan həssas münasibətini bir daha nümayiş etdirib. Qeyd edək ki, "Səda" uşaq xorunun bədii rəhbəri Aysel Mehdizadə, vokal sinfinin müəllimi Leyla Aslanova, konsertmeyster Şahin Yəhyazadə idi. Səda Uşaq Xoru və Vokal Sinfinin üzvləri səhnə mədəniyyəti, musiqi duyumu və peşəkar çıxışları ilə seçilərək tamaşaçıların rəğbətini qazanıblar. Konsert bir daha göstərib ki, belə layihələr gənc istedadların yaradıcılıq potensialının üzə çıxarılması, onların səhnə təcrübəsinin artırılması və musiqiyə olan marağının daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Şərh verin