Qocaldıqca arıqlamaq niyə çətinləşir? - Mütəxəssislər səbəbləri açıqladı
Yaş artdıqca bir çox insanın çəki atmaqda çətinlik çəkməsi təkcə qidalanma ilə bağlı deyil. Mütəxəssislər bildirir ki, bu prosesdə həm maddələr mübadiləsi, həm də hormonal dəyişikliklər mühüm rol oynayır. Milli.Az xəbər verir ki, həkim-diyetoloqların sözlərinə görə, yaşlandıqca bədəndə metabolizm yavaşlayır. Bu isə qəbul edilən kalorinin daha az hissəsinin yandırılması ilə nəticələnir. Eyni zamanda əzələ kütləsi azalır və onun yerini yağ toxuması tutur ki, bu da arıqlama prosesini çətinləşdirir. Mütəxəssislər qeyd edir ki, 30 yaşdan sonra hər onillikdə əzələ kütləsində təbii azalma baş verir. Fiziki aktivliyin azalması isə bu prosesi daha da sürətləndirir. Nəticədə bədən daha az enerji sərf edir və çəki artımı daha asan baş verir. Bundan başqa, hormon balansındakı dəyişikliklər də mühüm amildir. Xüsusilə qadınlarda menopauza dövründə estrogen səviyyəsinin azalması yağ yığılmasını artırır. Kişilərdə isə testosteronun azalması əzələ itkisinə və metabolizmin zəifləməsinə səbəb olur. Həkimlər vurğulayır ki, yaş artdıqca arıqlamaq mümkündür, lakin yanaşma dəyişməlidir. Sərt pəhrizlər əvəzinə balanslı qidalanma, kifayət qədər protein qəbulu və güc məşqləri daha effektiv sayılır. Həmçinin yuxu rejimi və stress səviyyəsi də çəki idarəsində mühüm rol oynayır. Mütəxəssislərin fikrincə, düzgün planla qocalıq dövründə də sağlam və ideal çəki saxlamaq mümkündür. Asya Milli.Az

Şərh verin