Təyyarənin ön şassisi qəflətən çökdü — Yaralılar var - Video
Almaniyanın milli aviadaşıyıcısı “Lufthansa”ya məxsus “Boeing 787-9 Dreamliner” tipli sərnişin təyyarəsinin ön şassisi Frankfurt hava limanında park edilərkən çöküb. “Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində bir neçə heyət üzvü yüngül xəsarət alıb. “Lufthansa”nın açıqlamasına görə, insident yerli vaxtla saat 12:45 radələrində, Los-Anceles reysi üçün sərnişinlərin təyyarəyə minməsindən az əvvəl baş verib. Bildirilib ki, təyyarə dayanacaq mövqeyində olarkən ön şassi gözlənilmədən geri çəkilib və nəticədə təyyarənin burnu yerə çöküb. Hadisə zamanı təyyarədə kabin heyəti və yerüstü xidmət əməkdaşları olub. Yaralanan işçilərə hadisə yerində tibbi yardım göstərilib. “Lufthansa” yaralılar arasında iki kabin heyəti üzvünün olduğunu, bütün xəsarətlərin isə yüngül xarakter daşıdığını açıqlayıb. Təhlükəsizlik məqsədilə yaralanan şəxslər xəstəxanaya aparılıb. İnsident səbəbindən Frankfurt–Los-Anceles reysi ləğv edilib. Şirkət hadisənin səbəblərinin araşdırıldığını, təyyarənin isə ətraflı texniki baxış və təmir işləri üçün anqara aparılacağını bildirib. Aviasiya sahəsində ixtisaslaşmış “Aerotelegraph” nəşrinin məlumatına görə, qəzaya uğrayan Boeing 787-9 Dreamliner cəmi bir il əvvəl istismara verilib və bu ilin yanvar ayında Lufthansa donanmasına daxil edilib.

Şərh verin