“Azərbaycanın enerji tədarükündəki rolu yalnız artacaq”
“Enerji keçidi bir gecədə baş verə bilməz”. “Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun kuluarlarında “Lenta.ru”ya verdiyi müsahibədə Avropanın Azərbaycan enerji resurslarından imtina perspektivlərini şərh edərkən bildirib. Onun sözlərinə görə, keçid dövrünün hələ bir neçə onilliyi ərzində dünya ölkələri, o cümlədən Avropa İttifaqına (Aİ) üzv ölkələr neft və qaza ehtiyac duyacaqlar. “Bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozları da təsdiqləyir - 2040-cı ilə qədər Aİ ölkələrinin enerji balansında neft və qazın payı hələ də çox yüksək olacaq və müvafiq olaraq 35 faiz və 25-26 faiz təşkil edəcək, halbuki 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 37 faiz və 20 faiz idi”, - Mustafayev qeyd edib. Səfir Bakının Avropanın 16 ölkəsinə, o cümlədən Aİ-yə üzv olan 10 ölkəyə neft və qaz tədarükü üzrə uzunmüddətli müqavilələr çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə, həcmlərini artırmağa və ixrac coğrafiyasını genişləndirməyə davam edəcəyini bildirib. “Azərbaycanın həm ənənəvi və bərpa olunan enerji mənbələrinin tədarükü, həm də yeni enerji dəhlizləri vasitəsilə onların tranziti sahəsində region və Avropa qitəsi üçün rolu yalnız artacaq”, - Rəhman Mustafayev əlavə edib.

Şərh verin