“Regionun dinc gələcəyinə əminəm, çünki Azərbaycanla sülh əldə olunub”

“Rusiya ilə münasibətlərdə gərginlik görmürəm”. “Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlament seçkilərində səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. Paşinyan demokratiyanın regional əməkdaşlıq və sülh üçün əsas vasitə olduğunu bildirib: “İnanıram ki, demokratiya həmişə regional əməkdaşlıq üçün işləyir və demokratiya regional sülh üçün bir vasitədir”. Baş nazir həmçinin Ermənistanın qonşu ölkələrlə münasibətlərinə toxunub: “Regionun dinc gələcəyinə əminəm, çünki Azərbaycanla sülh əldə olunub. Gürcüstanla isə çox dərin və inkişaf edən münasibətlərimiz var. Türkiyə ilə diplomatik münasibətlərin qurulmasını gözləyirəm. Əminəm ki, yaxın zamanda Türkiyə ilə həm dəmir yolu, həm də avtomobil yolları açılacaq.” O, region üçün strateji əhəmiyyət daşıyan layihələrdən də danışıb: “TRIPP regionumuzdakı bütün ölkələrə fayda verəcək oyun dəyişdirən bir layihədir. Bu, Ermənistan, Azərbaycan, Türkiyə, Gürcüstan və İrana fayda verir”. Paşinyan Rusiya ilə münasibətlərə dair iddiaları isə qəbul etmədiyini deyib və gərginlik olmadığını bildirib. Onun sözlərinə görə, münasibətlər institusional əsaslara söykənir: “Rusiya ilə münasibətlər institusional təmələ malikdir və qarşılıqlı hörmətə əsaslanır. Ermənistanda fəaliyyət göstərən müəyyən qüvvələr Ermənistan-Rusiya münasibətlərində gərginlik yaratmağa çalışırlar. Bu gərginlik sadəcə Rusiya prezidenti ilə çox yaxın münasibətlərimizin olması səbəbindən yaranmır”. Xatırladaq ki, Ermənistanda keçirilən parlament seçkilərində 18 siyasi qüvvə - 16 partiya və 2 blok mandat uğrunda mübarizə aparır. Səsvermədə 2 485 851 seçici iştirak hüququna malikdir.