“Bu, həm də sülhün qələbəsidir”
“Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərində Nikol Paşinyanın rəhbəri olduğu hakim “Vətəndaş müqaviləsi” partiyasının qalib gəlməsi birmənalı olaraq erməni cəmiyyətinin bölgədə sülhə, barışığa, əmin-amanlığa, qonşu ölkələrlə dinc yaşayışa səs verdiklərini təsdiqlədi”. “Qafqazinfo” xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev bildirib. Onun sözlərinə görə, erməni seçiciləri Paşinyanın seçki təşviqatı dövründə bəyan etdiyi mühüm tezisləri dəstəkləməklə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına, müharibəyə, revanşizmə yox dediklərini, mehriban qonşuluğa razı olduqlarını göstərdilər: “Seçkilərdə daşnakların və millətçilərin, Rusiyaya bağlı qüvvələrin, ələxsus da Köçəryanın ətrafında birləşən revanşist və separtizmin tərəfdarlarının məğlubiyyəti onu sübut etdi ki, erməni xalqı onlardan bezib, hansısa ölkənin təhriki və təxribatına qurban olmaq istəmir. Xalq azad və rahat yaşayışı, özünün gələcəyi, firvanlığı üçün Paşinyanın seçdiyi kursla getməyin qəti tərafdarıdır. Xəbəri rus dilində oxuyun: Выборы в Армении: курс на мир и новую геополитику Paşinyanın qələbəsi sülhün qələbəsidir. Şübhəsiz ki, hakim partiyanın qələbəsində Azərbaycanın da rolu böyükdür. Prezident İlham Əliyevin sülh təşəbbüsləri və sülh diplomatiyası ilə bölgədə formalaşan yeni reallıqlar, Vaşinqtonda sülh sazişinin paraflanması və ardınca kommunikasiya və rifaha doğru açılışlar, əhəmiyyətli iqtisadi addımlar Cənubi Qafqazda və Ermənistanda ictimai-siyasi mühiti də xeyli dəyişdi. Azərbaycanın tranzitlərin Ermənistanın üzünə açması, benzin və neft məhsulları ilə sərfəli qiymətlərlə təminat erməni cəmiyyətində müsbətə doğru xeyli dəyişiklər yaratdı, inteqrasiya, qonşuluq təmasları üçün münbit şərait möhkəmləndi. Bütün bunlar Paşinyanın daxili siyasətinə də müsbət təşviqlər verdi. 7 iyun seçkiləri həm də Rusiyanın məğlubiyyəti, ABŞ və Avropa İttifaqının qələbəsi sayıla bilər. Paşinyanın hakimiyyətini davam etdirməsi Azərbaycanla sülh müqaviləsinin bağlanması, Türkiyə ilə sərhədlərin açılması, Zəngəzur dəhlizi başda olmaqla Cənubi Qafqazdakı layihələrinin davamlılığına imkan yaradacaq. Ümumilikdə, regionda geosiyasi vəziyyət bundan sonra daha münbit sülh arxitekturası üzərində möhkəmlənəcək ki, bu da tərəflər arasında qarşılıqlı inam və etimadı yeni mərhələyə daşıyacaq”.

Şərh verin