Çay yataqlarına qanunsuz müdaxilə edənlərə qarşı tədbirlər keçirildi

DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə birgə çayların mühafizə zonaları və məcralarına qanunsuz müdaxilə hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçiriblər. “Qafqazinfo” xəbər verir ki, Qəbələ və Lənkəran rayonlarında keçirilən son tədbirlər zamanı qeyd olunan ərazilərdə yerləşən çayların mühafizə zolaqlarında qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb. Müəyyən edilib ki, bəzi ərazilərdə müvafiq icazələr olmadan qazıntı işləri aparılıb, su mühafizə zonalarında müxtəlif təyinatlı qurğular inşa olunub, eləcə də çayların təbii axınına və ətraf mühitə mənfi təsir göstərən fəaliyyətlər həyata keçirilib. Aşkarlanmış faktlarla bağlı toplanmış materiallar üzrə qanunvericiliyə uyğun zəruri hüquqi məsuliyyət tədbirləri görülür. Araşdırmalar davam etdirilir.