Gizli şəbəkəsi üzə çıxdı
ABŞ-də cinsi istismar və insan alveri ittihamları ilə gündəmə gələn Ceffri Epşteyn işi ilə bağlı yeni sənədlər onun moda və model sənayesi vasitəsilə gənc qadınları ətrafına cəlb etmək üçün şəbəkə qurduğunu ortaya çıxarıb. “Qafqazinfo” xəbər verir ki, açıqlanan e-poçt yazışmalarına görə, Nyu-Yorkda fəaliyyət göstərən bir model agentliyinin sahibi olan Remzi Elkholi Epşteynlə uzunmüddətli əlaqə saxlayaraq, müxtəlif ölkələrdən gənc qadınların foto və məlumatlarını onunla bölüşüb. Yazışmaların 2009-cu ildən başlayaraq təxminən 10 il davam etdiyi bildirilir. Sənədlərə əsasən, Elkholi Epşteynə müxtəlif modellər və gənc qadınlar barədə məlumatlar göndərib, onların görüşlərini təşkil edib və bəzi hallarda şəxsi xarakterli şərhlər də yazılıb. Bəzi yazışmalarda qadınların fiziki xüsusiyyətləri və şəxsi həyatlarına dair detallı qeydlərin yer aldığı iddia olunur. Məlumatlarda həmçinin İsveç, Rusiya və digər ölkələrdə fəaliyyət göstərən bəzi model agentliklərinin nümayəndələrinin də bu əlaqə şəbəkəsinə daxil olduğu, Epşteynlə mütəmadi yazışmalar apardığı və gənc qadınların fotolarını paylaşdığı qeyd olunur. Bəzi e-poçtlarda 18 yaşlı qadınların da adı çəkilir, eləcə də, Epşteynin maraqlarına uyğun seçimlər barədə müzakirələrin aparıldığı iddia edilir. R.Elkholi BBC-yə açıqlamasında yazışmalardakı ifadələrə görə təəssüf etdiyini bildirib və Epşteynin qadınlara qarşı zorakılığından xəbərsiz olduğunu deyib. C.Epşteyn 2019-cu ildə Nyu-Yorkda həbsdə olduğu vaxt ölü tapılıb. O, yetkinlik yaşına çatmayan onlarla qıza qarşı cinsi istismar və insan alveri şəbəkəsi yaratmaqda ittiham olunmuşdu. İş üzrə aparılan araşdırmalar illərdir geniş ictimai və siyasi rezonans doğurmaqda davam edir.

Şərh verin