Telefonlarını kameralar qarşısında sındırdılar — Video
Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı smartfon istifadəsinə qarşı yeni məhdudiyyətlər tətbiq etməyə hazırlaşır. Bu fonda təşkilat üzvlərinin smartfonlarını kameralar qarşısında sındırdığı görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, “Taliban” lideri Hibətullah Axundzadə dövlət qurumlarında çalışan şəxslər və hərəkat üzvləri üçün smartfon istifadəsini qadağan edib. Bildirilir ki, göstərişə əməl etməyənlər barəsində ciddi tədbirlər görüləcək və onlar hərbi məhkəməyə çıxarıla bilərlər. Sosial mediada yayılan videolarda bəzi “Taliban” üzvlərinin rəhbərliyə sədaqət nümayiş etdirmək məqsədilə smartfonlarını yerə çırparaq sındırdığı görünür. Kadrlar qısa müddətdə medianın diqqətini cəlb edib. Qərarla bağlı ən çox müzakirə olunan məqamlardan biri isə “Taliban” administrasiyasının uzun illərdir daxili yazışmalar, göstərişlər və koordinasiya işləri üçün smartfonlardan, xüsusilə də vatsap tətbiqindən geniş istifadə etməsidir. Bu səbəbdən yeni qadağa ziddiyyətli addım kimi qiymətləndirilir. Məlumata görə, “Taliban” rəhbərliyi son illərdə texnologiya və internet istifadəsinə dair müxtəlif məhdudiyyətlər tətbiq edib. Hərəkatın lideri daha əvvəl də üzvlərini smartfonlardan istifadənin azaldılmasına çağırmışdı.

Şərh verin