İrana qarşı hücumlar başa çatdı — Yenilənib
ABŞ ordusu İranda yerləşən bir sıra hədəflərə qarşı hərbi əməliyyat keçirdiyini bəyan edib. “Qafqazinfo”nun məlumatına görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatda bildirilib ki, Prezident Donald Trampın göstərişi əsasında İrandakı çoxsaylı hədəflərə qarşı yeni zərbələr həyata keçirilib. Qeyd olunub ki, əməliyyatlar İranın ABŞ qüvvələrinə qarşı davam edən hərəkətlərinə cavab olaraq “qanuni özünümüdafiə tədbiri” çərçivəsində icra olunub. İranın “Mehr” agentliyi isə hücumlar fonunda ölkənin müxtəlif bölgələrində partlayış səslərinin eşidildiyi, hava hücumundan müdafiə sistemlərinin isə aktivləşdirildiyini yazır. Bildirilir ki, Fars əyalətində və Tehranın qərb hissəsində hava hücumundan müdafiə sistemləri işə salınıb. Yerli mənbələr partlayış səslərinin eşidildiyini bildirsələr də, ilkin məlumatlara əsasən bunun müdafiə sistemlərinin fəaliyyəti ilə bağlı olduğu qeyd edilir. İran dövlət televiziyası Kiş adası ətrafında da naməlum səslərin eşidildiyini, hadisənin səbəbinin araşdırıldığını açıqlayıb. “Tasnim”in məlumatına görə, partlayış səsləri Hörmüzqan əyalətinin Sirik və Minab şəhərlərində də qeydə alınıb. Dövlət televiziyası Sirikdə ən azı üç partlayış səsinin eşidildiyini bildirib. *** ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən son hərbi əməliyyatların başa çatdırıldığını bildirib. Komandanlığın “X” platformasında yayılan məlumatına görə, ABŞ qüvvələri İranın hərbi müşahidə imkanlarına, rabitə sistemlərinə və hava hücumundan müdafiə infrastrukturuna zərbələr endirib. Qeyd edilib ki, əməliyyatlarda ABŞ Hərbi Hava Qüvvələri, Dəniz Piyadaları Korpusu və Hərbi Dəniz Qüvvələrinin vasitələrindən istifadə olunub. Əlavə edilib ki, zərbələr “İranın davam edən təcavüzünə cavab” olaraq həyata keçirilib və bölgədə ABŞ qüvvələrinə, eləcə də, beynəlxalq dəniz ticarətinə təhlükə yaradan hədəflər vurulub.

Şərh verin